
“Muzeyini açdığımız “Danışan əllər” layihəsinə mən Kənan Əliyevlə birgə başlamışam. Bu layihədə canlı əfsanələrin, tanınmış şəxsiyyətlərin əlləri əbədiləşdirilir və kolleksiyada saxlanılır. Bu ideya müharibə ərəfəsində yarandı. Radioda aparıcı tez tez Cənab Prezidentin dəmir yumruq siyasətindən danışırdı. Qərara gəldik ki, yeni bir əllər layihəsi edək. İlk olaraq da Vətən müharibəsi qəhrəmanlarının əllərinin formasını çıxartmaq istədik. Hətta bir qəhrəmanımız gəlmişdi, onun ümumiyyətlə biləyi yox idi. Digərinin isə barmaqlarından sadəcə biri qalmışdı”

Bunu Moderator.az-a açıqlamasında heykəltəraş Namiq Hüseynov deyib.
O daha sonra əlavə edib:
“Əvvəl bu layihə Azərbaycanın tanınmış insanlarının əllərindən çıxarılan heykəllər idisə, indi son 1 ildə biz dünyaca məşhur insanların əllərinin formasını çıxarmışıq. Ümumilikdə 220-dən çox əl var burada. Son vaxtlar Türk dünyasının tanınmış insanlarının və Şahmat üzrə Dünya və Olimpiya çempionlarının əlləri yer alıb. Şahmat üzrə 5 qat dünya çempionu Magnus Karlsen, Yan Napomnishi, Fabiano Cariano, Yan Kşiştaf Duda, Məşhur yazar Olja Süleymanov, Türksoy başqanı Sultan Raev, Nobel mükafatçısı Bəxtiyar Siracov, 2 ci Əbdülhəmidin nəvəsi, Ənvər Paşanın nəvəsi, Olimpiya çempionlarımız, Milli Qəhrəmanlarımız, Vətən Müharibəsi Qəhrəmanları və bir çox tanınmış insanların əlləri var bu layihədə. Keçən il Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “100 əl” adlı sərgi təşkil etdik. Hələ ki, sonuncu sərgimiz isə 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təşkil etdiyimiz “Danışan zərif əllər” oldu. Hazırda da davam edir bu kolleksiya. Dünyanın ən böyük insanı olan Türkiyə vətəndaşı Sultan Kösəm ilə əlaqə saxlamışıq, 2, 53 sm boyu var, onun əllərini çıxaracayıq” deyə heykəltəraş Namiq Hüseynov deyib.

Namiq Hüseynov bildirib ki, gələcəkdə bu kolleksiyalardan ibarət bir muzey də fəaliyyətə başlayacaq.
“Muzeylə bağlı Leyla xanım Əliyeva ilə görüşdük. Bu layihədə onun da əlləri var və çox xoşuna gəldi. Dedi ki, inşallah yaxşı bir muzey yaradarıq. Amerikada hospitalda buna oxşar bir muzey var, amma balaca bir kolleksiyadır. Və yalnız amerikalı məşhurların əllərinin heykəlləridir. Bizdə isə tam fərqlidir, Azərbaycanla yanaşı bütün dünyaca məşhur insanların əllərinin heykəlləri olacaq. Bu muzey Azərbaycanda ilk olacaq” deyə heykəltəraş bildirib.



