“Ölümdən sonra təkrar doğulmaq” anlamına gələn reinkarnasiya əsrlərdir insanların düşüncəsində yaşayan bir inancdır. Karma fəlsəfəsi ilə yanaşı, bir çox dini inancda da yer alan reinkarnasiya zaman-zaman elmi müzakirələrdə özünə yer tapan ziddiyyətli bir inanc formasıdır.
Milletinsesi.az reinkarnasiya haqda məlumatları təqdim edir.
Buddizm və reinkarnasiya
Buddizm inancına görə, yenidən doğulma təsadüfi olay deyil, insanın əvvəlki həyatında etdiyi yaxşı və pis əməllərin qarşılığıdır. Ruhun köç etməsi anlayışı bir çox dində, fərqli inanclarda özünə yer tapıb. Buddizmdə isə bunun açıqlaması reinkarnasiyadır. Karma fəlsəfəsi də adlanan bu inanc insan təxəyyülünün, arzu və var olma istəyinin bir təsdiqidir.
İslam
Təkallahlı digər inanclarda olduğu kimi İslamda da ruh köçünün yer aldığı bir ayə yoxdur. Lakin Batinilərə görə, “Quran”ın bəzi ayələrində ruhun köçməsinə dair üstüörtülü ifadələr yer alır. Batinilər əslində ayələrin göründüyündən daha dərin məna ifadə etdiyini düşünən və ayələri buna görə şərh edən bir cərəyandır. Batinilərin ruh köçü və dolayı yolla reinkarnasiyanı İslamla əlaqləndirdiyi “Quran” ayələrindən biri belədir:
“Allahın varlığını necə inkar edirsiniz ki, sizi ölü ikən O diriltdi, sonra yenə sizi O öldürəcək, yenə sizi O dirildəcək; nəhayət axirətdə yalnız Ona dönəcəksiniz”. (“Bəqərə, 28)
Musəvilik
Musəviliyin ənənəvi prinsiplərində ruh köçü anlayışı yoxdur. Lakin bir sıra ayələrdə reinkarnasiyaya yönəlik izlərə rast gəlinir. Xüsusilə də “Kabala”da ruh köçü anlayışı keçir. Bəzi musəvilər Adəm peyğəmbərin əvvəlcə Nuh, sonra İbrahim, daha sonra isə Musa olduğuna inanırlar.
Xristianlıq
Reinkarnasiya Xristianlıqda müzakirə olunan ciddi mövzulardan biridir. XIX əsrdən sonra ortaya çıxan xristian cərəyanlarının böyük bir hissəsi ruh köçünə və ya reinkarnasiyaya inanır. Bu spiritual cərəyanlara görə, xristianlar reinkarnasiyaya inandırdılar, lakin sonralar müqəddəs mətnlərin dəyişdirilməsi nəticəsində bu inanclar yox olub. Katolik teoloqların şiddətli formada etiraz etdiyi bir məsələ olsa da, bu gün reinkarnasiya bir çox xristian məzhəblər və təriqətləri tərəfindən qəbul edilir.
Taoizm
Taoizm inancında reinkarnasiya bu formada izah edilir:
“Doğuluş başlanğıc deyil, ölüm də son deyil. Yaradılış sərhədsiz, sonsuzdur; bir başlanğıc nöqtəsi olmayan prosesdir. Sərhədi olmayan yaradılış (varlıq) kainatdır. Başlanğıc nöqtəsi olmayan proses zamandır. Doğuluş da var, ölüm də; biri çölə bağlı nəticədir, digər içəri bağlı nəticədir. Beləliklə, şəklini görmədən İlahi olanın qapısından bir içəri, bir çölə keçilir”. (Zhuang Zi, 23)
Yunan mədəniyyəti
Yunan mədəniyyətində ruh köçü e.ə VII əsrdə izləri ortaya çıxmış bir anlayışdır. Platon dialoqlarında (“Phedon”) Sokratın bu ifadəsinə yer verir:
“Yenidən yaşamaq… Əminəm ki, həqiqətdə də belə bir şey var – bu, ölüdən çıxan bir həyatdır”.
Yunan mədəniyyətindəki reinkarnasiya məsələsində Pifaqorun da böyük əhəmiyyəti var. Bir çox mənbə Pifaqorun bu inanca sahib olduğu, hətta əvvəlki həyatını xatırladığı iddia edilir.
Şamanizm
Asiya şamanizmində, bəzi Şimali Amerika və Cənubi Afrika hindu qəbilələrində, o cümlədən Afrikada yaşayan qəbilələrin inanclarında bədənləri tərk etmiş ruhların yaşadığı məkan “ruhlar diyarı” adlandırılır. Şimali Asiya xalqları insanın birdən çox, üç, ya da yeddi canının olduğuna inanılır. Məsələn, yakut türkləri, çukçalar və yukagirlər insanın üçcanlı olduğuna inanırlar. İnanca görə, ölümdən sonra biri məzarda qalır, biri ruhlar diyarına enir, digər göyə yüksəlir. İnsanın ruhi canı digər aləmdə öz əkizi ilə qarşılaşır, sonra qayıqla digər tərəfə keçir. Kölgələr diyarında yer üzündə yaşadığı həyatı yaşayır. Ölülər bir müddət sonra yer üzündə yenidən doğula bilir.
“Ruhların kitabı”
XIX əsrdə Qərbdə okultizm və ya mediumlar vasitəsilə gələcəyə dair əldə edilən “məlumatlar” əsas müzakirə mövzusu idi. Həmin dönəmdə spiritualist Allan Kardeç 1857-ci ildə yayımladığı “Ruhların kitabı”nda ruh köçü ilə bağlı düşüncələri reinkarnasiya adı altında birləşdirdi. Kardeçə görə, insan üç hissədən ibarətdir: ruh, perispri və fiziki bədən. Perispri ruh və fiziki bədən arasında əlaqə yaradır, yarı-maddi bir quruluşu var. Can adlandırdığımız anlayış ölümdən sonra bədəni tərk etdikdən sonra ruhlar aləmində doğulur. Dünyada olarkən etdiyi yaxşılıq və pisliklər orada yaddaşında canlanır. Bir müddət sonra yenidən dünyada bədənə qayıdır. Sınaqlar qarşısında qalacağı dünyada dəfələrlə doğulmasının məqsədi təkamüldür. Lakin insan ruhu heç vaxt heyvan bədənində doğulmur. Çünki təkamüldə geri qayıdış yoxdur, inkişaf var.
Bütün ruhların bərabər yaradıldığı iddia edilir. Lakin təkamül səviyyələri eyni olmadığına görə, təkamül fərqliliyindən irəli gələn ruhi bir iyerarxiya əmələ gəlir. Ruhlar yalnız dünyada yox, kainatın digər dünyalarında da bədənlənir. Ruhlar aləmindəki bədənsiz varlıqlar dünyadakı bədənlilərlə istər maddi, istərsə də mənəvi rabitədədir. Habelə mediumlar vasitəsilə bədənsiz varlıqlarla səsli və ya yazılı əlaqə qurmaq mümkündür.
Elm reinkarnasiyaya müxalifətdə
Bu gün reinkarnasiya yaşadığını iddia edən insanlar keçmiş xatirələri ilə bağlı dəqiq məlumatlar verə bilir. Psixologiyada bu, “xəyali xatirə sindromu” və ya “saxta xatirə sindromu” adlandırılır. Həqiqətdə yaşanmamasına baxmayaraq, bəzi insanlar gerçək məkanları və insanları zehnində canlandıra bilir. Xüsusən yaxınları və ya ailələri uzaqda olan insanlarda belə hallara rast gəlinir. Belə xatirələr üçün metafizik cavablar var, reinkarnasiya bunlardan biridir.
Xatirələr DNT-lərə köçürülə bilir
Amerikalı elm adamları genlərdə ortaya çıxan kimyəvi dəyişiklik nəticəsində müxtəlif xatirələrin DNT-lərə köçürülə biləcəyini ortaya çıxarıb. Bəzi xatirələrin, travmatik və ya stresli yaşantıların genlərə köçürülə biləcəyi düşüncəsi elm dünyasında yeni deyil. 1989-cu ildə kimya üzrə Nobel mükafatı alan Sidney Altman və Tomas R. Çeç DNT-nin katalitik xüsusiyyətləri sahəsindəki işləri ilə bunu təsdiq edib.
Maraqlı məlumatlar
Reinkarnasiya olduğu iddia edilən uşaqlar təhsil almadan əvvəlki həyatlarında əldə etdikləri məlumatlar əsasında xarici dildə danışa bilirlər.
Əksəriyyəti buddist olan 1.25 milyard insan başqa bir insanın ruhu ilə dünyaya geri qayıtdığını düşünür.
Reinkarnasiya sahəsində araşdırma aparan elm adamları bu günədək dünyaya 95 milyard insanın yaşayıb öldüyünü ehtimal edir.
6 milyard ruhun ən az 10-15 dəfə yenidən həyata qayıtdığına inanılır.
Əsasən 30 yaşdan yuxarı insanlar reinkarnasiyaya inanır.
Təhsil səviyyəsi yüksəldikcə, reinkarnasiyaya inam səviyyəsi azalır.
Reinkarnasiya araşdırmaları
Dünyada bu sahənin ən məşhurlarından biri İon Stevensondur. Asiya və Avropada bir çox araşdırmalar aparıb, insanlarla bir-bir görüşüb olayları qiymətləndirib. Həyatının 40 ilini reinkarnasiya olaylarına həsr etmiş bir sima olan Stevenson keçmiş həyatlarını xatırladığı uşaqlarla görüşüb araşdırmalar aparıb. Ümumilikdə 2000-dən çox uşaqla görüşdüyü bildirilir. Stevenson təkcə görüşdüyü insanları dinləməyib, eyni zamanda ölüm formaları və doğum ləkələri arasındakı əlaqələri də araşdırıb. Bir çox olayda doğum ləkələri ilə ölüm forması arasındakı əlaqələri də təsdiq edib.
Təkrar diriləcəyinə inanan məşhurlar
Salvador Dali özünün ölən qardaşının reinkarnasiyası olduğunu deyirdi.
Henri Ford əvvəlki həyatında müharibədə həyatını itirən hərbçi olduğuna inanırdı.
Nitsşenin reinkarnasiya inancına sahib olduğu iddia edilsə də, bu barədə dəqiq məlumat yoxdur.
Cek London bir neçə dəfə dünyaya gəldiyini düşünürdü. Hətta əvvəlki həyatlarının əsərləri üzərində böyük təsirinin olduğuna inanırdı.
Benjamin Franklin reinkarnasiya inancı haqda bunları demişdi: “Mən ölümü bir az da yuxuya oxşadıram, sabah daha sakit oyanacağıq. Hansı formada olur-olsun həmişə var olacağıma inanıram”.
teleqraf