Amnistiya və əfvetmə haqqında qanunun qəbul olunmasına böyük ehtiyac var

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibəsini oxuculara təqdim edirik

 

– Qüdrət bəy, partiyanızın yeni adı rəsmi qaydada qeydə alındı, təbrik edirik. Adın dəyişdirilməsi bu qədərmi önəmli idi?

 

– Partiyanın adı həm də onun son məqsədini ,hədəfini özündə ehtiva etməlidir. Xalq Cəbhəsi sonradan Milli Azadlıq Hərəkatı xarakteri almış Qarabağ hərəkatından doğulmuşdu.Əsas məqsəd ölkəmizin ərazi bütövlüyünü qorumaq, milli müstəqilliyə nail olmaq idi. Buna nail olmaq üçün xalqı bir cəbhədə birləşdirmək, siyasi baxımdan təşkilatlandırmaq lazım idi. İşğala son qoyub, Qarabağ üzərində dövlət suverenliyini bərpa etməklə biz əsas məqsədə çatmışıq. Hazırda partiyamızın qarşısında duran başlıca vəzifə ədalətli cəmiyyət, hüquqi dövlət qurmaq, demokratiyanı inkişaf etdirməkdir. Ədalətli cəmiyyət olmasa insanlar xoşbəxt ola bilməz. Qanunlar ədalətli olmasa və onun aliliyi təmin edilməsə inkişaf olmayacaq. Demokratiyanı inkişaf etdirməsək hərtərəfli inkişafı təmin edəcək rəqabət mühiti yarada və qanunun aliliyini təmin edə bilməyəcəyik. Ona görə də partiyamızın adını dəyişərək Ədalət,Hüquq, Demokratiya (ƏHD) Partiyası qoyduq. Çünki bu siyasi amalımız və əhdimizdir. Xalq Cəbhəsi isə artıq bizim və xalqımızın şərəfli tarixidir.

 

– Qüdrət bəy, əhv komissiyasının iclasları başlayıb. Sizcə çoxmu məhbus azad olunacaq və siyasi motivlərlə həbs olunduğu ehtimal olunan şəxslərin də əhv olunma ehtimalı varmı?

 

– Siyasi motivlərlə həbs olunduğu iddia olunan şəxslərdən kimlərinsə barəsində məhkəmələrin qanuni qüvvəyə minmiş hökmü varsa onlar Prezidentin fərmanı ilə əhv oluna bilər. Qarabağ üzərində dövlət suverenliyinin bərpasından sonra bu, əhv haqqında ilk fərman olacaq. Ona görə də amnistiya aktı qəbul olunmadığından, istərdim ki, azadlıqdan məhrumetmə növündə cəza çəkən və azad olunmalarına bir ilədək zaman qalmış hər kəs əhv edilsin. Ümumiyyətlə, amnistiya aktı ilə müqayisədə əhv fərmanlarını ədalətsiz sayıram. ABŞ tarixində elə prezidentlər olub ki, səlahiyyətləri dövründə bir nəfəri belə əhv etməyib. Əhvetməyə haqq qazandıranlar deyirlər ki, burda fərdi yanaşma mövcuddur və bu daha ədalətlidir. Bu yanaşmanı kökündən səhv hesab edirəm. Əhvetmə müstəsna hallarda tətbiq olunmalı və qanunla əhv olunanların sayı və müəyyən şəxslərə münasibətdə bu hüquqdan istifadə məhdudlaşdırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, əməlin ictimai-təhlükəlilik dərəcəsini və cinayət törətmiş şəxsin şəxsiyyətini,cinayətdən zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsi bağışlayıb-bağışlamamasını, ailə vəziyyətini, səhhətini, yaşını və digər halları onsuz da nəzərə alır və cəza təyin edir. Əhv komissiyasının yenidən bu xüsusatlar üzrə qiymətləndirmə aparması və bu əsasda kimlərisə azad etməsi doğru deyil. Bütövlükdə isə amnistiya aktının qəbul olunması daha ədalətlidir. Bu zaman ibtidai həbsdə olan şəxslərin azad olunması da mümükündür. Amnistiya aktının tətbiqi zamanı subyektivizm və sui-istifadə hallarının qarşısını əhəmiyyətli dərəcədə azaltmaq mümkündür. Mən ictimai və dövlət həyatında xüsusi əlamətdar hadisələr olmadıqca amnistiya və əhvetmənin əleyhinəyəm,çünki bu dövlətin cəza siyasətinə mənfi təsir göstərir. Məhkumun cəzanın çəkilməmiş hissəsindən azad olunmasına dair qanunvericilikdə kifayət qədər hüquqi mexanizmlər var. Bu işlə məhkəmələr məşğul olmalıdır. Azərbaycanda amnistiya və əfvetmə haqqında qanunun qəbul olunmasına böyük ehtiyac var.

Mənbə

Share: