Ermənistanın Rusiyadan aralanması prosesi sürətlə davam edir. Brüsseldə keçirilən Aİ-ABŞ-Ermənistan görüşü də bu prosesin əhəmiyyətli hadisələrindən biri idi. Lakin sözügedən proses uzun və ağrılı şəkildə cərəyan edə bilər. Yada salaq ki, Sovetlərin süqutundan sonra müstəqil olan Ermənistan hər zaman bütün sferalarda Rusiyadan asılı halda olub, Azərbaycana qarşı iddialarla rəsmi İrəvan özünü tam olaraq Rusiya boyunduruğuna salıb.
İstər hərbi-təhlükəsizlik, istər iqtisadi, istərsə də geosiyasi mənada Moskvanın direktivləri və yardımı ilə idarə olunan Ermənistanın uzun illər Rusiyanın regiondakı forpostu adlandırılması da təsadüfi deyil. Qonşu ölkələrdən Türkiyə və Azərbaycanla yaxşı münasibət qurmaması ucbatından dalana çevrilən Ermənistanda ötən əsrin 90-cı illərinin sonlarında baş verən hakimiyyət dəyişikliyi ilə Koçaryanın prezident olmasından sonra 20 il müddətinə Rusiyadan asılılıq rəsmi siyasi xəttə və dövlətin siyasi kursuna çevrilib.
Nikol Paşinyanın 2018-ci ildə məxməri inqilabla hökumət qurmasından sonra Ermənistan tədricən bu kursu dəyişməyə meyillənsə də, 44 günlük müharibəyə qədər proses elə də geniş vüsət almamışdı. Nəzərə almaq lazımdır ki, KTMT üzvü olan Ermənistan Rusiya ilə geniş əməkdaşlıq, tərəfdaşlıq, müttəfiqlik sənədləri imzalamaqla bu asılılığı hüquqi məcraya daşıyıb.
Üstəlik, Ermənistan iqtisadiyyatında söz sahibi olan Rusiya mənşəli şirkətlər, Rusiya vasitəsilə varlanmış oliqarx personalar da İrəvanın Moskvadan rəvan qopuşu qarşısında əngələ çevrilmişdi. Rusiya-Ukrayna müharibəsinin başlaması və ötən ilin sentyabrında Qarabağda keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən sonra Ermənistan hakimiyyəti prosesi sürətləndirməyə başladı.
Ermənistan baş naziri Nikol Paşinyanın ölkənin KTMT-dəki fəaliyyətinin dondurulması barədə açıqlaması, İrəvandakı Zvartnots hava limanından Rusiya sərhədçilərinin çıxarılması məsələsi, Qərbə yaxınlaşmaq, silah alışının Hindistan və Fransa hesabına şaxələndirilməsi və digər addımlarla proses mümkün olduğu qədər sürətli şəkildə aparılır.
Yaxın gələcəkdə Ermənistandakı 102-ci Rusiya bazasının çıxarılması məsələsi də gündəliyə daşına bilər. Hələlik bunun baş verməyəcəyi yönündə müxtəlif səviyyəli rəsmi şəxslərin dilindən bəyanatların səslənməsi prosesin ağrılı keçməsini minimallaşdırmaq niyyəti daşıyır. İqtisadi məcrada Aİ və ABŞ tərəflərinin Brüssel görüşündə Ermənistana yardımla bağlı açıqlamaları mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, Türkiyə-Ermənistan normallaşma prosesi də paralel olaraq davam edir ki, bu da İrəvanın Moskvadan iqtisadi asılılığını azaldacaq.
Qeyd etmək lazımdır ki, Türkiyənin Cənubi Qafqazda mövqelərinin güclənməsi və regiondakı bütün ölkələrə təsir imkanlarının artması Azərbaycanın da xeyrinədir. Ermənistan Qərbə doğru üz tutduğu yolda hər nə qədər Fransadan, ABŞ-dan tutub irəliləməyə çalışsa da, coğrafi və geosiyasi reallıqlar bunun gələcəkdə yalnız Türkiyə üzərindən baş verə biləcəyini diktə edir. Rəsmi Ankara isə hər zaman Azərbaycanın da maraqlarını nəzərə alır və İrəvana Bakını ünvan göstərərək əvvəlcə şərq qonşusu ilə münasibətləri yoluna qoymağı tövsiyə edir.
Bu baxımdan Ermənistanın hətta nəzəri baxımdan da Qərbdən dəstək hesabına Azərbaycana qarşı hansısa planları olsa belə, belə planların reallaşdırılması perspektivləri kasaddır. Ermənistanın Rusiyadan qoparaq Qərbə yaxınlaşması prosesinin necə nəticələnəcəyi isə bir çox faktordan asılıdır. Ötən yazıda qeyd olunduğu kimi, artıq İrəvanın Ukrayna ilə müharibədə zəifləmiş, müəyyən qədər uğursuzluqlara düçar olmuş və ermənilərin təbirincə, Azərbaycanla müharibədə Ermənistana kömək etməmiş Rusiyaya, onun hərbçilərinə ehtiyacı yoxdur.
Varlı Qərbə qovuşmaq arzusunda olan İrəvanla Moskva arasında bundan sonra hansısa təlatümlərin baş verəcəyi, yaxud qopmanın nisbətən daha dinc xarakter daşıyacağı yaxın gələcəyin aşkara çıxaracağı məsələdir…
Modern Təhlil və Araşdırma Qrupu