​Kollektiv idarəetmə təşkilatları üçün maarifləndirmə tədbirləri keçiriləcək

23 aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü və 26 aprel – Beynəlxalq Əqli Mülkiyyət Günü ərəfəsində əqli mülkiyyət mədəniyyətinin gücləndirilməsi və cəmiyyətin ayrı-ayrı təbəqələrinin diqqətinin əqli mülkiyyətə cəlb edilməsi məqsədilə Əqli Mülkiyyət Agentliyi tərəfindən keçirilən silsilə tədbirlər davam etdirilir.

 

Moderator.az xəbər verir ki, “Əqli Mülkiyyət Aylığı” çərçivəsində növbəti tədbirlərdə müəlliflərin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyinin prinsipləri, təşkili və həyata keçirilməsi, əmlak hüquqlarının idarəçiliyi sahəsində müasir mərhələdə qarşıda duran vəzifələr və digər məsələlərin müzakirəsi nəzərdə tutulur.

 

Qeyd edək ki, hazırda ölkəmizdə “Azərbaycan Professional Kinorejissorlar Gildiyası”, “Azərbaycan Müəllifləri” İctimai Birliyi, “Müəllif Hüquqları Uğrunda” və “Rəqəmli və Audiovizual Yayım Sənayesi” ictimai birlikləri fəaliyyət göstərir. Müəllif-hüquq qanunvericiliyinin tələblərinə uyğun qaydada Əqli Mülkiyyət Agentliyi tərəfindən onların hər birinin fəaliyyət dairəsi müəyyən edilmişdir. Bu ictimai birliklər audiovizual əsərlərdən, musiqili əsərlərdən və əlaqəli hüquqların obyektlərindən istifadəyə görə qonorar yığımı ilə məşğul olurlar.

 

Keçiriləcək təlimlərdə əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi sahəsində bir sıra aktual məsələlər barədə geniş fikir mübadiləsi məqsədilə həmin ictimai birlikləri təlimlərdə iştrak etməyə dəvət edirik.

 

Təlimlər “Hökumət Evi”nin 1-ci mərtəbəsində Əqli Mülkiyyət Agentliyinin iclas zalında keçiriləcək.

 

Xatırladaq ki, Əqli Mülkiyyət Agentliyi tərəfindən aprel ayı “Əqli Mülkiyyət Aylığı” elan olunub.

 

Mənbə

Share: