Qadınların sükan arxasında əyləşməsinə hələ də birmənalı yanaşma yoxdur. Amma buna baxmayaraq bu gün paytaxt yollarında kifayət qədər avtomobil idarə edən xanımlara rast gəlirik. Aktrisalar arasında ilk maşını Məsumə Babayeva idarə edib.
Moderator.az-a açıqlama verən aktrisa o illəri belə xatırlayıb.
“O vaxtı Flora Kərimova, Əminə Yusifqızı və mən Azərbaycanda maşın sürən yeganə sənətçi qadınlar idik. Çox böyük arzum idi ki, çaykam olsun, maşın idarə edim. O zaman hələ 5-6 yaşım var idi. Düşmüşdü dilimə, “çayka, çayka” deyirdim. Sonradan elə oldu ki, sürücülük kursunu oxudum. İlk maşınım “jiquli” olub. Həyat yoldaşım maşın sürməyi özü mənə öyrətmişdi. O mənim yanımda otururdu, mən də kəndin içində, klubun yanında sürürdüm. O vaxt pis baxırdılar. Deyirdilər ki, “kişisi oturub yanında, qadın maşın sürür”. Bu gün qadınların avtomobil idarə etməsi adiləşib, amma o illərdə elə deyildi. Elə oldu ki, sonradan yoldaşım xəstələndi, ailənin yükü üzərimə düşdü. Uşaqları maşınla məktəbə aparırdım, işə gedirdim. Gündəlik 300 km-dən çox məsafə maşın sürürdüm. Hətta bir dəfə yoldaşım mənim maşınımı götürüb getmişdi. Yolda onu saxlamışdılar ki, bu qadın maşınıdır, sən niyə sürürsən? Çünki polislər bilirdilər ki, maşın mənimdir. Həm də o illərdə aktrisa kimi çox məşhur idim. Maşınımı ötüb salam verirdilər, “qonka” ya çıxmaq istəyirdilər. Yol hərəkəti qaydalarını pozduğum vaxtlar da olub. Bu normaldır” deyə aktrisa bildirib.
Bəs görəsən bu gün necə, yol hərəkəti qaydalarını xanımlar daha çox pozur yoxsa bəylər? Bakı şəhəri Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Moderator.az -a açıqlamasında bildirib ki, bu artıq klassik bir mövzuya çevrilib.
“Hər zaman soruşurlar. Məncə bu düzgün müqayisə deyil. Ona görə düzgün müqayisə deyil ki, əvvəla son illər xanım sürücülərin sayının artmasına baxmayaraq yenə də üstünlük kişi sürücülərindədir. Biz ortalama 1000 qadın sürücü ilə 1000 kişi sürücünü müqayisə etsək, baxıb görərik ki, qadın sürücülər heç də kişi sürücülərə məsuliyyətlilik, yol hərəkəti, təhlükəsizlik qaydalarına münasibətdə heç də onlara intizamsız demək olmaz. Və ona görə də sürücülər arasında cins ayrımı etmək, qadın sürücülər yoxsa kişi sürücülər daha məsuliyyətlidir demək düzgün yanaşma deyil. Ümumiyyətlə məsuliyyətli sürtücü var, bir də məsuliyyətsiz sürücü. Müəyyən xətalar üzrə baxıb görürsən ki, həm kişilər, həm də qadınlar arasında eyni xətaları edənlər var. Hətta qadın sürücüləri arasında da avtoxuliqanlıq edib, kobud qayda pozanlarla rastlaşmışıq, həmçinin də kişi sürücüləri arasında. Sürücülük yollarda özünü aparmaq, yol hərəkəti sisteminin məsuliyyət zonasını dərk etmək qadına və kişiyə yox, ümumən insana məxsus xüsusiyyətdir. Məsuliyyətli olmaq əvvəla hər bir insanın borcudur. Hər bir insanın cəmiyyətdə vəzifə və hüquqları var. Vəzifə və hüquqların icra olunması istiqamətində də Azərbaycan Respublikasının Konstitutsiyası belə qadınlar və kişilər arasında ayrı-seçkilik etməyib. Qadın da, kişi də əgər sürücülük hüququ əldə edib nəqliyyat vasitəsi idarə edirsə, qanunlara riayət etməlidir. Bu gün Azərbaycanda elə qadınlar var ki, təyyarə idarə edir” deyə baş inspektor bildirib.