İnsanlar babalarının əməllərinə niyə cavabdehdir?

Özünü dünyadan təcrid etmiş halda yaşayan Şimali Koreyada insanların hansı vəziyyətdə həyat sürməsi, əhalinin məişəti, ictimai münasibətlər və s. hər zaman maraq doğurub. Bu marağın yaranmasının əsas səbəblərindən biri KXDR-in qapalı ölkə olması, dünyaya bu ölkə ilə bağlı elementar məlumatların məhdudiyyətlərlə çıxması və geniş mənada informasiyasızlıqdır. 40-cı illərdə ailə üzvlərinin və nəsil nümayəndələrinin nə ilə məşğul olması, onların siyasi baxışları Şimali Koreyada vətəndaşların hazırkı həyat tərzini formalaşdıran amillərdəndir.

 

“Songbun” adlanan bu sərt sistemdə fərdlər üç nəsildir ki, hakimiyyətdə olan ailəyə yaxınlıq və ya müxaliflik səviyyəsinə görə müəyyən sosial siniflərə bölünür. Koreya dilində mənşə və ya nəsil mənasını verən “Songbun” adlanan bu sistemdəki şəxsin statusu doğulduğu yer, qida və sağlamlıq xidmətlərindən istifadə etmək üçün gedə biləcəyi yerlər, hansı təhsil müəssisələrində və ya işlərdə işləyə biləcəyi kimi həyatlarının bir çox sahəsinə təsir göstərir.

 

Bu, insanın dəyərinin baba-nənələrinin və qohumlarının məziyyətləri və ya çatışmazlıqları ilə müəyyən edildiyi bir sistemdir. Sosialist rejimi altında bütün vətəndaşlarına bərabər imkanlar təqdim olunduğu Pxenyanın rəsmi ritorikasında ifadə olunur, lakin ölkədən qaçanlar və bəzi ekspertlər son dövrlərdə bu sinfi sistemin mövcudluğunu təsdiq edən faktlarla rastlaşdıqlarını deyirlər. kinci Dünya müharibəsindən sonra 50-ci illərdə baş verən qanlı vətəndaş müharibəsindən sonra Koreya yarımadasında kommunist Şimali və kapitalist Cənubi Koreya yarandı.

 

Şimali Koreyanı quran şəxs – ölkənin ilk lideri Kim İr Sen (indiki lider Kim Çen Inın babası) ideologiyaya əsaslanan profilləşdirmə və davamlı təmizləmələrə əsaslanan sistem yaratmışdı ki, bu quruluşda bəzi insanlar və bəzi ailələr şübhəli idi. Digər tərəfdən, ailələri Yaponiyaya və ya Cənuba qarşı vuruşmuş keçmiş əsgərlər və ya Kommunist Partiyasının üzvü olanlar üstünlüklü təbəqəyə çevrildilər. Dindarlar, Cənubi Koreyada qohumları olanlar, böyük və ya kiçik torpaq sahibləri və tacirlər potensial vətən xainləri kimi qəbul edilirdi.

Mütəxəssislərin fikrincə, 1960-cı illərdə hökumət gizli şəkildə vətəndaşları ailə tarixinə görə siniflərə ayıran hərtərəfli dövlət reyestrlərini tamamladı. Belə ki, reyestrə əsasən, “Sonqbun” sistemində üç əsas sinif var, lakin alt kateqoriyaların sayının 50-yə çatdığı barədə də məlumatlar mövcuddur. “Kök” və ya “özək” mənasını verən “haeksim” adlanan yuxarı təbəqə hakim ailəyə sədaqəti məlum olan və etibarlı hesab edilən vətəndaşlardır. Bu qrupa Yaponiya müstəmləkəçiliyinə qarşı və ya Koreya müharibələrində döyüşənlər, məmurlar, partiyanın üzvü olanlar və ya onların ailə üzvü olanlar daxildir. Onilliklər boyu hakimiyyətə sadiq qalanlar da bu sinfə aiddirlər.

 

Bu sinifdə olanlara müəyyən imtiyazlar verilir. Onlar ən inkişaf etmiş şəhərlərdə yaşaya, universitetə ​​daxil ola, ən yaxşı xəstəxanalarda müalicə ala, ən yaxşı işlərdə işləyə bilərlər. Onların əhəmiyyətli bir hissəsinin də paytaxt Pxenyanda yaşamaq hüququ var. Şimali Koreya əhalisinin təxminən 12 faizi bu şəhərdə yaşayır və onun əhəmiyyətli bir hissəsi bu təbəqədəndir. Sinfə daxil olan ailələr başqa ölkələrə səyahət etmək, övladlarını Çin, Rusiya və Avropaya oxumaq üçün göndərmək imkanına malikdirlər.

 

İmtiyazlı təbəqənin əksi olan “Çoktae” sinfinə daxil olanlar isə “düşmən” kimi qəbul edilən, dövlətin “qanıxarab” insanlar kimi gördüyü insanlar aiddir. Torpaq sahiblərinin və tacirlərin, xristianların, Koreya müharibəsində cənubun xeyrinə vuruşanların və Koreyanın işğalı zamanı Yaponiya imperiyasına dəstək verənlərin, yəni “kommunist rejiminin ənənəvi düşmənləri” hesab edilən insanların övladları və nəvələri Şimali Koreyada bu sinifdə sayılır. Bu insanlar qida və elektrik kimi ehtiyacları ödənməyən kənd yerlərində yaşamağa, ən çətin işlərdə işləməyə və çox vaxt təhsilsiz qalmağa məcbur olurlar.

 

Bu təbəqədən olan insanların paytaxta ayaq basması da demək olar ki, mümkün deyil. Həyat keyfiyyətinə görə ömrü daha qısa olan bu insanlar, demək olar ki, daimi nəzarətdə saxlanılırlar. Bu sinifdəki uşaqların əhəmiyyətli bir hissəsi səhərlər ideoloji təlim alır, qalan vaxtlarda mədənlərdə və tarlalarda işləyirlər.

 

Yuxarı və aşağı təbəqələr arasındakı orta təbəqə olan “Donqyo”ya aid olanların ailələri rejimin düşməni kimi görünmür. Lakin onların ailə tarixindəki bəzi “nöqsanlar” gözardı edilmir. Onların rejimə sadiqliyi ya qeyri-müəyyəndir, ya da şübhəlidir. Təklif olunan imtiyazlar məhdud olsa da, bu sinifdə çoxlu alt qrupların olduğu hesab edilir. Məsələn, “təmiz” ailə tarixçəsi olan “Donqyo” Pxenyan hüdudları yaxınlığında həyat qura və ya dövlət vəzifələrində orta işlərdə işləyə bilər. Bəziləri nisbətən yüksək keyfiyyətli məktəblərdə də təhsil ala bilərlər.

 

Bu sinifdən “düşmən” statusuna yaxın olan kimsələr isə bu imkanlardan məhrumdur. Mütəxəssislərin fikrincə, əhalinin təxminən 40 faizini təşkil edən ‘Donqyo’ Şimali Koreyanın ən sıx sosial təbəqəsini təşkil edir. “Haeksim” və “Çoktae” qruplarının hər biri əhalinin 30 faizini təşkil edir. Lakin rəsmi sənədlərin böyük məxfilik şəraitində saxlanması sinfi nisbətlərin dəqiq müəyyən edilməsini çətinləşdirir.

 

“Sonqbun” qeydləri dövlət, yerli idarəetmə və polisin əlindədir. Şimali Koreya vətəndaşları həyatlarına birbaşa təsir edən bu sistemi hər zaman beyinlərinin bir yerində saxlayırlar. Ailələr yaşadıqları yerə, işlədikləri işlərə və əldə edə bildikləri təhsil və səhiyyə müəssisələrinə baxaraq hansı sinfə aid olduqlarını anlaya bilərlər.

 

İnsanlar həmişə hansı “Sonqbun”a aid olduqlarını bilmək istəyir və polisə və ya dövlət məmurlarına rüşvət verməklə məlumat əldə etməyə çalışırlar. Xüsusən də evliliyə hazırlaşanlar, çünki bir insanın statusu evləndiyi şəxsdən yüksəkdirsə, avtomatik olaraq aşağı təbəqədən olan həyat yoldaşının statusuna bərabər tutulur.

 

Rüşvət müqabilində sinfi dəyişmək isə mümkün deyil: “Əcdadlarınızı seçə bilmədiyiniz üçün taleyinizi dəyişdirmək üçün heç nə edə bilməzsiniz. Dövlət bu sistem vasitəsilə böyük sosial nəzarəti saxlayır. Ailədən kimsə səhv edərsə, hamı məsuliyyət daşıyır. Fərd təkcə özü üçün məsuliyyət daşımır, o həm də qrupdakılar haqqında düşünməlidir. Bu, təkcə fərdiliyə son qoymur, həm də müxalif fəaliyyətlə bağlı ən kiçik cəhdinin qarşısını alır”.

Mənbə

Share: