Bazar rəhbərliyinin ölülərinə salavat

İki ilə yaxındır ki, “Maşın Bazarı”nda icarəyə dükan götürmüşəm. İlk yer uğursuz oldu. İki-üç min ziyanla başqa yerə köçdüm. Gündəlik xərclərimin çıxmadığı günlər də oldu, xeyirlə işlədiyim günlər də.

Bir ay əvvəl “Maşın Bazarı”nda yanğın baş verdi. Bəlli miqdarda mənə də ziyan dəydi. Olsun; Cana gələn mala dəysin..
Az zaman ərzində bu bizneslə də vidalaşacam.. Bu zaman ərzində bazarın idarəçiliyi və idarə olunan bazar kontingenti ilə yaxından tanış oldum. İllər ərzində bazarın rəhbəri Rasim Salmanova olan nifrətim simpatiyaya çevrildi. Hətta bazardan çıxanda onun valideylərinin məzarı üstə gedib ruhuna salavat çəkib yasin oxutduracam. Oxutduracam ki, belə övlad dünyaya gətirmisən. Adam idarəçilikdə qüsur buraxmır.

Dükanlar yandı, yanan dükanların “sahiblərindən” işləmədiyi günlərin də icarə haqqını aldı. Almalıdır da.. Müqavilə var, qol çəkmişik.

Bazar işçilərinin bazara giriş haqqını iki manatdan üç manata qaldırdı. Düz elədi; min adam var, mini də maşınla gəlir, bazarda tıxac yaranır, müştərilərə yer qalmır. Mən olsam müştərilərin də giriş pulunu qaldıraram, bazara gələn olmasın, onsuz da bazar işçilərinə fərqi yoxdur, iş olsa da olmasa da icarə haqlarını verirlər.

Məsələn; bazar işçiləri beş manata görə bir-birinin qanını içir, amma Rasim müəllim nümayəndə göndərir ki, icarə haqqı bu aydan 300 manat qalxdı, o saat baş üstə deyirlər. Kişini sevirlər, o bunu qazanıb. Giriş pulu qalxdı, bazar işçiləri narazılıq elədilər, nəyi?

Üç manat azdı, xırda pul tapmırıq, bunu beş manat eləyin. Ya da aylıq 150 manat müyyən edilib icarə haqqının üstünə əlavə edilərək, birdəfəlik alınsın. Bazar işçilərinin giriş-çıxışı da ayrı olsun, onlar maneəsiz hərəkət edə bilsin.

Bazar işçiləri hər üç gündən bir 10 l su pulsuz götürürdü. Onu da bazar rəhbərliyinə rəva bilmədilər. Dedilər, hər ay 10 manat su pulu verək, kişiyə ziyan olmasın.

Bu kişini sevirlər, mən də sevdim.

FHN yanan dükanların işini istintaq məqsədi ilə saxlamışdı. Müəllim həll elədi. İnsanlar rifah içində işləyirlər. Budur xidmət, budur insanlıq. Pul boş şeydir. Əsas iş dayanmasın..

FHN nazirliyinin əməkdaşları yanğınla bağlı dəyən ziyana görə məndən iki saata yaxın izahat aldılar.
Soruşdum ki, bunun bizə bir xeyri var?

Dedi: Görəcəksən. Ən azı səndən üzr istəyəcəklər.

İzahat aldığı gün bazarın xəzinədarı yanğına görə işləmədiyim günün icarə haqqını almağa gəlmişdi. FHN işçisinə bildirdim ki, dəyən ziyanı sonra həll edərik, deyə bilərsiz, onu almasınlar.

Dedi: Qəbz tələb elə..

Dedim: Onu bilirəm, siz xahiş edə bilərsiz?

Dedi: Yox. İşləmək istəyirsizsə, bazarla münasibəti korlamayın.

Gördüm, qardaş da Rasim müəllimlə münasibəti korlamaq istəmir, mən niyə korlayım. Verdim getdi. Pula görə o boyda adamla aram dəysin? Əsla.. Pulu tapacam, o kişidən bir də tapmaram..

Haqq ədalətin olmadığı ölkənin hər bir təşkilatında haqq da, ədalət də güclülərdir. Onların ölülərinə salavat:

“Allahummə salli əla seyyidin bir Məhəmməd və ala ali seyyidin bir Məhəmməd”.

Biz yalnız cərimələri və yükü sevirilk.

Talıb Əhədov Millətin Səsi.az-ın baş redaktoru

Share: