Ölüm səbəbi: Şiddətli insansızlıq – Maya Anjelu

Bu gün görkəmli ABŞ şairi Maya Anjelunun anım günüdür.

 

Maya Angelou 1928-ci il aprelin 4-də ABŞ-ın Missuri əyalətində, St. Luis şəhərində anadan olub. Əsl adı Marqarit Annie Consondur. Ona “Maya” adına qoyan qardaşı ilə birlikdə nənəsinin yanında, irqçiliyin möhkəm olduğu Arkansasda böyüyüb. ABŞ-ın travmay sürücüsü olan ilk zənci qadınıdır. Çox gənc yaşında dünyaya gətirdiyi oğlu ilə həyatını qazanmaq üçün gecə klublarında rəqqasəlik, müğənnilik, xadiməlik edib. Ssenarilər, pyeslər, maraqla oxunan yemək kitabları yazıb, rejissorluq edib, albom çıxardıb. Yeddi cildlik avtobioqrafiya yazıb. Ömrünü irqi ayrı-seçkiliklə və qadın haqlarının tanınması ilə keçən mübarizələrə sərf edib. Bu prosesin içində çap etdirdiyi şeir kitabları ilə bir yandan öz xalqının tarixini, aktual problemləri ifadə edən, digər tərəfdən isə öz ehtiraslı zənci qadın fərdiyyətinin arzularını, çıxılmazlıqlarını, ziddiyyətlərini sadə, melodik və modern şəkildə ifadə edən şair kimi tanınıb. Amerika xalqının sevgisini qazanan Angelou 2014-cü il mayın 28-də dünyadan köçüb.

 

Moderator.az Kulis.az – a istinadən onun şeirlərini təqdim edir.

 

Qayıtdılar evlərinə

 

Qayıtdılar evlərinə, arvadlarının yanına,

dedilər ki, bircə dəfə də həyatlarında

mənim kimisini tanımayıblar.

Amma… qayıtdılar evlərinə.

 

Evin nə təmizdir – dedilər mənə,

heç bir sözüm heç kimi incitmirmiş,

sən demə auram da sehrliymiş.

Amma… qayıtdılar evlərinə.

 

Bütün kişilər məni tərifə boğardı,

gözəl imiş gülüşüm, ağlım, ombalarım,

fəqət bir gecə keçirdilər mənimlə, üç, ya da iki…

Amma…

 

Keçən vaxt

 

Sənin dərin şəfəqə bənzəyir,

Mənimki gecənin qaranlığına.

 

Biri başlanğıcını ifadə edir,

labüd bir finalın;

o biri sona çatmasını,

konkret bir başlanğıcın.

 

Zavallı qız

 

Başqa bir sevdiyin var,

bilirəm bunu;

səni dəlicəsinə sevən biri

eynilə mənim kimi.

Sözlərin elə bil ləl-cəvahirdi,

diqqətlə dinləyir hər sözünü,

anladığını düşünür səni…

Zavallı qız

Eynilə mənim kimi.

 

Başqa bir qəlbi də qırırsan,

bilirəm bunu,

edə biləcəyim heç nə yoxdur.

Əgər danışsam ona bildiklərimi

Səhv başa düşəcək, qovacaq məni…

Zavallı qız

Eynilə mənim kimi.

 

Onu da tərk edəcəksən,

bilirəm bunu,

o heç vaxt bilməyəcək

onu niyə tərk etdiyini,

Ağlayacaq, bilmək istəyəcək

nəyin düz getmədiyini.

Bu nəğməni oxuyacaq o da axırda

Zavallı qız

Eynilə mənim kimi.

 

Gəl və sevgilim ol

 

Yollar azman maşınlarla doludur

Məchul bir yerə gedirlər sürətlə.

İnsanlar alışan hər şeyi tüstülədirlər,

Kimisi həyatını dolayır bir qədəhin başına

və sən hansı tərəfə dönəcəyini bilmədən

oturub gözləyirsən.

Mənsə bilirəm.

Gəl və sevgilim ol.

 

Bəzi kahinlər deyir ki, sabah qiyamət qopacaq,

Başqalarına görə hələ bir-iki həftəmiz var.

Qəzetlər fəlakət xəbərləriylə doludur,

və sən hansı tərəfə gedəcəyini bilmədən

oturub gözləyirsən.

Mənsə bilirəm.

Gəl və sevgilim ol.

 

Nağıl

 

Həmişə qorxardı kişilərdən,

gecənin gətirdiyi

günahlardan və keflərdən.

Nə vaxt bir çarpayı görsə,

şaqqıltıyla bağlanardı

fikrindəki kilidlər.

 

Qaşlarını çatdı

və baxışlarıyla tıxadı

açar deşiyini.

Çarpazlama bir zəncir

asdı qapıdan

və şüurunu qapatdı.

 

Sümükləri tapıldı

təxminən otuz il sonra

avto-dayanacaq

tikmək üçün

evi uçurulanda.

 

Ekspertizanın rəyi belə oldu:

ölüm səbəbi şiddətli insansızlıq.

Mənbə

Share: