Baqrat etiraf etdi: daha bir “revanşist cəhd” öldü

Azərbaycanla Ermənistan arasında delimitasiya prosesini və işğalda saxladıqları 4 kəndin qaytarılmasını bəhanə edərək, daxili xaos və itaətsizliklə hakimiyyəti ələ keçirməyə çalışan erməni müxalifətin son ümidi də ölmək üzrədir.

Millətin Səsi.az xəbər verir ki, keşişi önə verərək, xalqın kilsəyə mümkün inamından istifadə etməyə çalışan Sərkisyan və Köçəryan komandasının başlatmaq istədiyi revanşist hərəkat növbəti iflasını yaşayır.

Bir müddət öncə keşiş keçə hərəkatını “hüquqi müstəviyə keçirmək” və Nikol Paşinyanın impiçmentinə nail olmağa çalışdı. Eynilə ötən il Saqatelyanın rəhbərlik etdiyi taktika ilə buna cəhd etdi və bəlli oldu ki, nəinki Paşinyanın impiçmentini həyata keçirməyə, hətta onu müzakirəyə çıxarmağa belə deputat imzası kifayət eləmir. Belə ki, Paşinyanın impiçmentini parlamentə müzakirəyə çıxarmaq üçün 36 deputatın imzası lazımdır. Köçəryanın “Ermənistan”, Sərkisyanın “Şərəfim var” fraksiyası isə birlikdə 35 deputat mandatına sahibdir (“Ermənistan” 29, “Şərəfim var” fraksiyasının 6 deputatı var). “Şərəfim var” fraksiyasından ayrılan və müstəqil fəaliyyət göstərən bir deputat ilkin razılığını versə də, sonradan ümumiyyətlə bu mövzu gündəmdən çıxdı. Məlum oldu ki, Baqrat impiçmenti müzakirəyə çıxarmağa 36 deputat imzası tapmırsa, impiçmentin təsdiqlənməsi üçün 54 deputatı (Ermənistan parlamentinin 107 deputatı var, baş nazirin impiçmenti üçün minimum səs çoxluğu lazımdır) yola gətirmək mümkünsüzdür. Nikol Paşinyan isə parlamentdə 71 deputatla təmsil olunur və mütləq üstünlükdədir.

Beləliklə, “hüquqi yol” ilk cəhddəcə alınmadı, İrəvanda nəqliyyatın hərəkətini iflic etmək istəyi də iştirakçı azlığından nəticə vermədikdə yenidən regionlara üz tutan keşiş Baqrat ötən gün Gümrüdə növbəti mitinq keçirib. O, regionları aktiv olmağa çağırdıqdan sonra yaxınlarda İrəvanın mərkəzində daha bir genişmiqyaslı mitinqə hazırlaşdığını deyib və elan edib ki, ola bilsin, bu, mitinq yekun olacaq. Yəni keşiş Baqrat artıq “mübarizənin” heç bir nəticəsi olmadığını nəhayət anlayıb və yekuna hazırlaşır.

Share: