İranın 1 oktyabrda İsrailə kütləvi raket zərbələrinə Təl-Əvivin necə cavab verəcəyi ilə bağlı maraqlı versiya səsləndirilib.
Axar.az xəbər verir ki, erməni ekspert Qriqor Emin-Teryan 1981-ci ildə İraqda baş verənlərin təkrarlana biləcəyini iddia edib.
Onun fikrincə, 1981-ci ilin iyununda İsrail Hərbi Hava Qüvvələri Babil əməliyyatı zamanı Səddam Hüseynin nüvə bombasına sahib olmaq arzusunu məhv etmişdi:
“Buna qədər İraqın bir neçə atom bombası hazırlamaq üçün kifayət qədər nüvə yanacağı istehsal etdiyi bildirilirdi. İran məsələsində də İsrail çoxdan Vaşinqtonun razılığını almaq və eyni əməliyyatı İran ərazisində də həyata keçirmək istəyirdi. Lakin ABŞ rədd edirdi.
ABŞ-ın razılaşması zəruri şərt idi, çünki İranın nüvə obyektləri yerin altındakı beton konstruksiyalarda gizlənir. İsrailin belə dərinə nüfuz edən raketləri və bombaları yox idi. Lakin ən son silahların yaradılmasında öz bacarıqları və uğurları ilə tanınan İsrail alimləri bu problemin həlli üzərində işləyirdilər.
İranın yaxın mənzilli raketlərini Ukraynaya qarşı istifadə etmək üçün Rusiyaya satmaq müqabilində Moskvanın nüvə texnologiyasını Tehranla bölüşməyə hazır olduğu xəbəri yayılanda vəziyyət dəyişdi. Bu xəbər ABŞ rəhbərliyini təşvişə salıb”.
İranın bir neçə nüvə bombası hazırlamaq üçün kifayət qədər nüvə yanacağı istehsal etdiyi, hətta artıq nüvə bombası olduğu haqda informasiyalara diqqət çəkən ekspert xatırladıb ki, Tehrana məhz bunun cəsarət verdiyi iddiaları var. Cəsarətin miqyası isə odur ki, aprel zərbələri zamanı İran Macarıstan və Bəhreynin xarici işlər naziri vasitəsilə ABŞ-ı əvvəlcədən məlumatlandırmış, bu isə İsrail, ABŞ və Böyük Britaniya donanmalarına zərbəni zərərsizləşdirmək imkanı vermişdi:
“Bu dəfə belə bir xəbərdarlıq olmayıb, lakin İsrail kəşfiyyatının zərbənin dəqiq gününü və vaxtını bildiyi güman edilir.
ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Donald Tramp qalib gəlsə, şübhəsiz ki, İrana zərbə endirməyə icazə verəcək. İddiaya görə, Bayden də dünyada nüvə silahının yayılmasının qarşısını almaq üçün belə bir razılaşma verə bilər. Bundan əlavə, demokratlar da yəhudi seçicilərinin səsini qazanmaq üçün belə icazənin verilməsində maraqlıdır. Deməli, İsrailə İranın nüvə obyektlərini məhv etməyə icazə veriləcəyi ehtimalı yüksəkdir. Üstəlik, İsrailin sərəncamında olan F-35 qırıcıları radarlar üçün görünməzdir. Bu isə İranın nüvə obyektlərini qoruyan S-300 hava hücumundan müdafiə komplekslərinin radar antenalarını məhv etmək üçün kifayətdir”.