
Ötən gün xristianların ən müqəddəs bayramlarından biri olan Pasxa qeyd edilib. Bayram münasibətilə Qüdsdə yerləşən Müqəddəs Qəbir kilsəsində ənənəvi Müqəddəs Odun mərasimi keçirilib. Lakin mərasim zamanı erməni keşişləri tərəfindən təxribat xarakterli addım atılıb. Belə ki, onlar dini ayinlər fonunda erməni separatçılarının bayrağını nümayiş etdiriblər.
Bu cür addımın dini bayram günü və müqəddəs məkanda baş verməsi ciddi etirazla qarşılanıb. Bu cür təxribatlar din pərdəsi altında siyasi mesajlar verməyə yönəlib.
Modern.az-a açıqlamasında Alban-udi icmasının sədri Robert Mobili bildirib ki, din xadimləri siyasi məsələlərə qarışmamalıdır:
“Lakin, təəssüflər olsun ki, axır vaxtlarda, xüsusilə də, ermənilər siyasi məsələlərə qarışırlar. Bu, dinə zidd hərəkətdir. Din pərdəsi altında həmişə siyasi qüvvələr dayanır. Dini siyasiləşdirən qüvvələr var, onların da adamları din xadimlərindən istifadə edirlər. Söhbət bundan gedir. Sözsüz bu gün həmin seperatçı qüvvələr revanşistləri ayağa qaldırmaq istəyirlər. Təbliğat aparırlar ki, bu mədəni irs ermənilərə aiddir, azərbaycanlılar onları Qarabağdan guya zorla çıxarıblar. Bu kontekstdə çalışırlar. Təkcə erməni kilsələri yox, həm də onlara yaxın digər kilsələr də bu məsələdə yardımçılardır. Biz Vatikanda konfrans keçirdik. Bunlar bizə yox, Vatikana qarşı belə bizi dəvət etdiklərinə, şərait yaratdıqlarına görə təbliğat aparırlar. Deməli, həmin din xadimlərinin arxasında siyasi qüvvələr dayanıb. Onlar revanşist qüvvələrə xidmət edirlər. Revanşist qüvvələr yenidən göbələk kimi qalxıblar ki, sülh müqaviləsi imzalanmasın, seperatçılar yenidən Qarabağda platforma yaratsınlar. Bu istiqamətdə iş aparırlar. Sözsüz ki,bunun üçün istifadə olunan ən böyük element də Pasxa bayramıdır”.
İcma sədri çıxış yolundan da danışıb: “Bizim bir çıxış yolumuz var ki, həqiqəti dünya miqyasında çatdırmalıyıq. Bu kilsələr Alban kilsələridir və bizim irsizimdir. Burada müxtəlif mədəniyyətlər, xüsusən xiristianlar, eləcə də bizim icma azərbaycanlılarla bir yerdə yaşayırlar. Bu multikultural mühiti təbliğ etməliyik”.