
Şəkildə gördüyünüz bu gənc 2002-ci ildə doğlub.
18 yaşı var.
Min il sonra da 18 yaşı olacaq. Onu bütün Azərbaycan tanıyır.
Nurlan Ağakişiyevdir, yəqin siz də tanıdınız…
Şəhid Nurlan…
Şəhid olmaq, torpaqla göy arasında görünməz bir sənədə imza atmaq deməkdir…
Nurlan adını deyəndə sanki bir işıq keçir könüllərdən.
O, gömgöy səmadır…
Şəhid olmaq, bir ömrü Vətənə ömürlük əmanət etməkdir.
Biri anadan doğular,
Biri Azərbaycan üçün əbədi doğular.
Nurlan da beləcə doğuldu,
İlk dəfə ana qucağına,
Son dəfə Vətən qucağına …
Nurlan Azərbaycanın varlığıdır,
Onun ŞƏHİDliyi bir gəncin gələcəyə yazdığı məktubdur.
Məktubun üstündəki yazıya bax, “Vətənin əbədiyyəti üçün canımdan keçdim”.
Nurlan bir ananın ümidi, duası, bir bacının güvən yeri idi,
Nurlan bir qızın gələcəyi, xəyalındakı uşaqlarının atası idi…
Bir ana var…
Yuxusuna haram qatdı, yatmadı, süd verdi, oğul böyütdü,
Ümidlərini, dualarını qurban elədi…
O ana indi başını dik tutur,
Çünki Nurlan bir millətin övladıdır!
Bir bacı var…
Gözlərini qardaşına oxşadır,
Onun gözündə Nurlan daha böyük güvəndir, qaladır…
Bir qız var…
Nurlanı unutmayacaq,
Onun gözləri ilə yaşayacaq…
Bir ananın ümidi, duası, bir bacının güvəni, bir qızın gələcəyi, xəyalındakı uşaqlarının atası ŞƏHİD oldu…
Ümid ŞƏHİD oldu, dua ŞƏHİD oldu, gələcək ŞƏHİD oldu, Vətən yaşadı…
Bir xalq o ümidi, duanı, güvəni, gələcəyi Azərbaycan bayrağına büküb göylərə ucaltdı.
ŞƏHİD səmadadır…
ŞƏHİD olmaq göyü yerə gətirməkdir.
Şəhid həmişə gənc qalır, zaman hamını yaşlandırır…
Ancaq ŞƏHİDlərə dəyə bilmir zamanın əli.
Nurlan kimi,
ondan öncə ulu babaları, babaları, dədələri, onunla birgə həmyaşıdları ŞƏHİD olub.
Hamısı gəncdir, hikmətə bax, ALLAH, ALLAH, sən ulu babanla necə yaşıd ola bilərsən…
Nurlan ən gözəl yaşında yaşayır,
Ən təmiz niyyətində yaşayır,
Ən saf baxışında yaşayır,
O baxışda bir gələcək vardı, o gələcək indi Azərbaycanın azad sabahıdır.
ŞƏHİD əmanətdir, Vətənin könlündə dəfn olunur,
ŞƏHİD görünməz mələkdir, səmadakı ulduzdur,
Vətən səmasında bir ulduz parlayarsa, o ŞƏHİDdir, o, NURLANdır…
Şəhidlər görünmür,
Amma hər addımda, hər nəfəsdə onlar var.
Biz onlara salam veririk, onlar bizə Vətən verirlər!
Nurlan Ağakişiyev Vətənin gənc üzüdür,
Vətənin gənc üzündə,
Bayrağın kölgəsində, tarixin yaddaşında bir ad var,
Nurlan!!!
Qəlbimizə bütün ŞƏHİDlərə yazılmış adlar kimi…
Siz bu torpağın nəfəsisiniz…
Siz bu millətin sonsuz hekayəsisiniz…
Azərbaycan xalqı varkən SİZ var olacaqsınız…
Siz Şuşasınız, Xankəndisiniz, Siz əbədisiniz…
Nurlan kimi…
Elşad EYVAZLI