Kaliforniyada meşə yanğınları 80 milyard dollara başa gələcək

Kaliforniyada meşə yanğınları ilə bağlı noyabrın əvvəlinə olan vəziyyət ştatın Kənd təsərrüfatı və yanğından mühafizə departamenti direktorunun müavini Mayk Molerin qorxularını təsdiq edib. O, ştatda yanğınlar mövsümünün başlanğıcında bəyan edib ki, daha bizdə yanğın mövsümü deyil, yanğın ili var. Yanğının əhatə etdiyi ərazi gündən-günə genişlənir.

Bir neçə həftə əvvəl Şimali və Cənubi Kaliforniyanın müxtəlif bölgələrində çoxsaylı yanğınlar tüğyan etməyə başlayıb. Noyabrın 3-nə olan vəziyyətə görə, meşə yanğınları 260 min akr ərazini bürüyüb. Dünya üzrə havanın proqnozlaşdırılmasına dair kommersiya xidmətləri təklif edən ABŞ-ın “AccuWeather” mediaşirkətinin sinoptikləri hesab edirlər ki, 2019-cu ilin sonuna qədər Kaliforniyada yarım milyon akr meşə sahəsi yanıb külə dönə bilər.

“AccuWeather”in hesablamalarına görə, 2019-cu ildə meşə yanğınlarının Kaliforniyaya vurduğu ümumi ziyan və iqtisadi itkilər 80 milyard dollar təşkil edəcək. Bu barədə “AccuWeather” şirkətinin təsisçisi və baş direktoru doktor Coel N.Mayers məlumat verərək bildirib ki, şirkət yanğınların iqtisadiyyata birbaşa və dolayı təsirlərinin hamısının müstəqil üsullarla qiymətləndirilməsini ehtiva edən təhlil əsasında bu qənaətə gəlib. O deyib ki, builki yanğınlarda əsas amil elektrik enerjisi verilməsində fasilələr olub və bu da böyük xərclərə gətirib çıxaracaq.

Ziyanın məbləğinə ev və müəssisələrə, habelə onların içərisindəkilərə və avtomobillərə dəyən ziyan, fermaların və kənd təsərrüfatı bitkilərinin itirilməsi, infrastrukturun korlanması, məktəblərin bağlanması, müəssisə və əhalinin elektrik enerjisinin kəsilməsi daxil edilib.

“AccuWeather” ekspertləri avtomagistralların bağlanması, təxliyə tədbirləri, bütün ştat üzrə sığorta ödəmələrinin artması, yanğınsöndürmə xərcləri, reyslərin ləğvi və yubanması, habelə çirklənmiş havadan zərər çəkmiş insanların sağlamlığı üçün cari və uzunmüddətli nəticələr ilə bağlı iqtisadi itkiləri də hesablayıblar.

Lakin ekspertlərin sözlərinə görə, ştatın iqtisadiyyatına dəyən ziyan əvvəlki illərdəkindən çox deyil. “AccuWeather”in hesablamalarına görə, meşə yanğınları nəticəsində ümumi ziyan və iqtisadi itkilər 2018-ci ildə Kaliforniyaya 400 milyard dollara, 2017-ci ildə 85 milyard dollara başa gəlib. (AZƏRTAC)

Share: