
15 avqustda Alyaskada 2019-cu ildən bəri ilk dəfə ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında təkbətək görüş baş tutacaq. Təcrübə onu göstərir ki, belə görüşlərə Tramp adətən hazırlıqsız gəlir. Putin isə əksinə həmişə ciddi şəkildə hazırlaşır.
Axar.az xəbər verir ki, bu sözləri “Teleqrаf” qəzetinə verdiyi müsahibədə Trampın birinci administrasiyasında ABŞ prezidentinin sabiq müşaviri Con Bolton bildirib.
Bolton qeyd edib ki, Tramp belə görüşlərə sadəcə “fikir mübadiləsi” kimi baxıb, danışıqlar aparmayacağını düşünə bilər. Lakin əslində bu reallıqda eynidir və danışıqlardır. Həmçinin, Putin Ukraynada atəşkəsə razılıq verə bilər. Amma əsas məsələ hansı şərtlərlə razılıq verməsidir.
“Əgər atəşkəs mövcud təmas xətti boyunca baş verərsə və sonra danışıqlar başlayarsa, bu, Ukrayna və Rusiya arasında yeni sərhədə çevrilə bilər. 1953-cü ildə Koreya müharibəsində atəşkəs danışıqlarından sonra olduğu kimi… O vaxtdan bəri bu, Şimali və Cənubi Koreya arasında sərhəd olaraq qalır.
Aydındır ki, Ukrayna baxımından bu yaxşı nəticə olmayacaq”, – deyə Bolton fikirlərini bölüşüb.