
Afrika qitəsinə münasibətdə Azərbaycanın xarici siyasətində yeni bir gücləndirilmiş strategiya var. Biz bu il ərzində 10-dan çox Afrika ölkəsində hökumət missiyaları təşkil etmişik, səfərlərimiz olub. Bir çox ölkələrdən həm liderlər səviyyəsində, həm xarici işlər nazirləri, hökumət rəsmiləri səviyyəsində Bakıya səfərlər olub. Əsas məqsəd bu ölkələrlə Azərbaycan arasında siyasi və iqtisadi əlaqələrin yeni istiqamətlərinin müəyyən olunmasıdır və bunun üçün artıq dövlət qurumlarımız müvafiq istiqamətlər üzrə çalışır.
Milletinsesi.az Modern.az-istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev deyib.
Onun sözlərinə görə, Afrika ilə yeni istiqamətləri müəyyən edən investisiya, iqtisadi, ticarət əməkdaşlığı imkanları ölkəmiz üçün yalnız böyük fayda verə bilər: “Biz Afrika qitəsindəki diplomatik təmsilçiliyimizi gələcəkdə genişləndirmək planımızla birlikdə bu ölkələrin beynəlxalq platformalarda daha böyük dəstəyini qazana bilərik”.
Türkiyənin COP31-ə namizədliyi məsələsinə toxunan baş danışıqcı deyib: “COP31-lə bağlı Türkiyə və Avstraliya arasında mübarizə gedir. Azərbaycan hazırda vasitəçilik edir. Bu müzakirələrdə mənə COP29 Sədrinin ötən il verdiyi mandata uyğun olaraq danışıqlara vasitəçilik edirəm. İki ölkə arasında Nyu-Yorkda ötən həftə intensiv görüşlər, müzakirələr oldu. Müsbət istiqamətdə irəliləyişlər var və bunun yaxın gələcəkdə nəticələri ilə tanış olmaq imkanı olacaq. Bəlkə də, ortaq, şərikli bir COP təşkilindən də söhbət gedə bilər”.