28 dekabr – Vəkil Günü münasibətilə Vəkillər Kollegiyasının (VK) üzvlüyünə yeni qəbul olunan şəxslərin təntənəli andiçmə və peşə fəaliyyəti dövründə fərqlənən vəkillərin təltif olunması mərasimi keçirilir.
Milletinsesi.az-ın Oxu.Az-a istinadən məlumatına görə, tədbirdə VK rəhbərliyi ilə yanaşı, Baş prokuror Kamran Əliyev, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Həsən Bağırov, vəkil bürolarının rəhbərləri, hüquq müdafiəçiləri, eləcə də KİV nümayəndələri iştirak edirlər.
Mərasimdən əvvəl Kollegiya rəhbərliyi, onun orqanları və qurum rəhbərləri Fəxri xiyabanı ziyarət ediblər. Ümummilli lider Heydər Əliyevin məzarı önünə gül qoyulub, dahi şəxsiyyətin əbədiyaşar xatirəsi dərin ehtiramla yad olunub. Eyni zamanda görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Həmçinin, Şəhidlər xiyabanı ziyarət olunub, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmət və ehtiramla yad edilib, burada xatirə şəkli çəkdirilib.
Sonra isə Qadın Vəkillər Alyansının üzvlərinin ifasında Dövlət Himninin və Vəkil marşının səsləndirilməsi ilə tədbir başlayıb. Öncə ulu öndər Heydər Əliyevin, həmçinin şəhidlərmizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Kollegiyanın il ərzində həyata keçirdiyi fəaliyyətləri əks etdirən illik hesabat xarakterli videoçarx nümayiş olunub.
Toplantı davam edir.
Samir Əli


