“Alibaba” şirkəti onlayn satışda ötənilki rekordunu yeniləyib

Çinin elektron ticarət şirkəti “Alibaba” noyabrın 11-də “Yalnızlar günü” ilə əlaqədar böyük endirim kampaniyası çərçivəsində onlayn satışda ötənilki rekordunu yeniləyib.

AZƏRTAC xəbər verir ki, gecə saat 00:00-da başlayan kampaniya çərçivəsində yerli və xarici istehlakçılar “Alibaba”nın elektron ticarət platformalarından 16 saat yarım ərzində 213,5 milyard yuan (təxminən 30,5 milyard ABŞ dolları) dəyərində mal və xidmət sifariş ediblər. Ötən il noyabrın 11-də günün yekununda bu rəqəm qeydə alınmışdı.

Satışda ölkədaxili sifarişlər təbii olaraq əsas hissəni təşkil edib. Xaricdən isə ən çox ABŞ, Avstraliya və Yaponiyadan sifarişlər olub.

Qeyd edək ki, Çinin ticarət şəbəkələri hər il 11-ci ayın 11-də “Yalnızlar günü” ilə əlaqədar alıcılara böyük endirimlər təklif edir. “Alibaba” şirkəti 2009-cu ildən etibarən özünün onlayn satış platformalarındakı mağazalardan müştərilərə noyabrın 11-də böyük endirimlərin tətbiqini tələb edir. Proqnozlara görə, builki “Yalnızlar günü”ndə 500 milyon alıcı “Alibaba”nın onlayn platformalardan mal sifariş edəcək.

“Alibaba” ilə yanaşı, ölkənin digər iri elektron ticarət platforması olan “JD.com” da endirimlər təklif edir. Fərq ondadır ki, “JD.com”un endirim kampaniyası noyabrın 1-dən başlayıb. Noyabrın 11-də səhər saat 9:00-dək 165,8 milyard yuan (23,7 milyard dollar) satış reallaşıb. Şirkətin məlumatına əsasən, noyabrın 11-də sifarişlərin pik vaxtı başlayanda 45 saniyə ərzində 10 min ədəd “Huawei GT2” saatı, 5 dəqiqədə 100 min mikrodalğalı soba və 10 min “iPhone 11 Pro” smartfonu satılıb.

Share: