Qanunvericilikdən “arvad” sözünün çıxarılması təklif edildi

Qanunvericilikdən “arvad” sözünün çıxarılması təklif edildi

Azərbaycan qanunvericiliyindən “arvad” sözünün çıxarılması təklif olunur.

Millətin Səsi.az Oxu.az-a istinadla xəbər verir ki, bu təklifi Milli Məclisin deputatı Bəhruz Məhərrəmov parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatı”nın müzakirəsi zamanı səsləndirib.

O bildirib ki, biz qanunvericilikdə qadını hələ də “arvad” adlandırırıq:

“Ola bilsin ki, nə zamansa bu, qəbulolunan ifadə olub, amma dil inkişafdadır, münasibətlərin inkişafı, təbii ki, semantikanın da transformasiyası deməkdir. Amma açıq deyək, bu gün heç bir xanım ona qeyd etdiyim bu ifadə ilə müraciət edilməsini arzulamaz. Ona görə də Ailə Məcəlləsi başda olmaqla, bütövlükdə qanunvericilikdə, o cümlədən gələcəkdə Konstitusiyada aidiyyəti dəyişikliyin aparılması yaxşı olar”.

Deputat əlavə edib ki, gender məsələlərindən danışarkən xüsusilə ehtiyatlı davranmalıyıq:

“Azərbaycan cəmiyyətində kişi və qadın institutları tam mənada oturuşub, “həyat yoldaşı” anlayışı formatında həm kişinin, həm qadının ailədə rolu çox aydın formada müəyyən edilib. Bizim bütün fəaliyyətimiz özünü doğrultmuş milli ailə institutunun qorunmasına yönəlməlidir və Azərbaycanın ailə dəyərlərini əlahiddə “kişiləşmiş qadın” obrazı, yaxud milli kimlikdən tam mənada uzaq salınmış “kişi” obrazı ilə zənginləşdirməyə ehtiyac yoxdur. Biz məsələyə reallıq pəncərəsindən baxmalıyıq. Çünki, bu gün Qərbin bəzi dairələri, onların diktəsi ilə hərəkət edən beynəlxalq şəbəkələr və daxildəki marginal, populist ünsürlər “gender bərabərliyi” şüarı altında bizim milli-mənəvi dəyərlərimizə, ailə institutumuza qarşı mənəvi terror həyata keçirməkdədirlər. Bu gün, çox təəssüflər olsun ki, bərabərlik adı altında bizim cəmiyyətə yad, əxlaqi aşınmaya xidmət edən ssenariləri sırımaqdadırlar. Amma baxın, qadının üstünlüyündən danışanlar, özlərinə sərf etməyəndə, heç gözlərini də qırpmadan hər hansı bir qadını sosial media qaragüruhunun linç obyektinə çevirə bilirlər. Bu mənada, hansısa konvensiyanın, hesabatın, hansısa ideologiyanın yanaşması bizim üçün etalon ola bilməz. Ümumiyyətlə, Azərbaycan qadın-gender siyasətində heç bir xüsusi kənar təcrübəyə istinada ehtiyac duymur”.

Share: