İranın xarici işlər naziri Abbas Əraqçi İsrailin Livanda davam etdirdiyi əməliyyatları İran və ABŞ arasında Livandakı bütün cəbhələrə şamil edilən atəşkəs rejiminin pozulması kimi qiymətləndirib.
Millətin Səsi.az xəbər verir ki, o bu haqda X səhifəsində yazıb: “İran və ABŞ arasında atəşkəs birmənalı olaraq bütün cəbhələrdə, o cümlədən Livanda atəşkəsdir. Onun bir cəbhədə pozulması bütün cəbhələrdə atəşkəsin pozulmasıdır. ABŞ və İsrail istənilən pozuntunun nəticələrinə görə məsuliyyət daşıyır”.
İsrailin baş naziri Benyamin Netanyahu mayın 29-da İsrail-Livan sərhədinə səfəri zamanı bildirib ki, İsrail ordusu bir neçə bölgədə Litani çayını keçib və artıq onun şimalında fəaliyyət göstərir və “çox təsir edici nəticələr” əldə edir.
Aprelin 17-dən Hizbullah ilə İsrail arasında atəşkəs rejiminin qüvvədə olmasına baxmayaraq, tərəflər Livan-İsrail sərhədi boyunca yerləşən ərazilərə zərbələr endirməkdə davam edir. Mayın 25-də Netanyahu bildirib ki, o, İsrail ərazisinə qarşı pilotsuz təyyarələrin hücumlarına cavab vermək üçün Livandakı Hizbullah hədəflərinə hücumları gücləndirməyi əmr edib.


