Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sanatoriya-kurort mərkəzlərinə elektron rezervasiya sistemi ətrafında narazılıqlar səngimək bilmir. Son günlər xüsusilə müəllimlər müraciətlərinin dəfələrlə əsassız şəkildə rədd edildiyini bildirərək AHİK-in fəaliyyətini kəskin tənqid edir və həmkarlar ittifaqlarından çıxacaqlarını bəyan edirlər.
Millətin Səsi.az xəbər verir ki, müəllim Ramin Fətullayev sosial şəbəkə hesabında paylaşdığı fikirlərlə bu narazılığı bir daha gündəmə gətirib.
O bildirib ki, sanatoriya-kurort mərkəzinə elektron rezervasiya sistemi vasitəsilə etdiyi müraciətə artıq 12-ci dəfə imtina cavabı verilib:
“Bu gün nəhayət sanatoriya-kurort mərkəzlərinə elektron rezervasiya sistemindən etdiyim müraciətə 12-ci dəfə imtina gəldi. Səbəb? Guya növbəlilik prinsipi imiş.
Bizim maaşımızdan həmkarlara tutulan vəsait də növbəlilik prinsipi ilə tutulsaydı, daha yaxşı olardı. Təhsilin həmkarları ümumiyyətlə heç bir işə yaramır. Çarə? Ərizə verib həmkarlardan çıxmaq”.
Müəllimin paylaşımı qısa zamanda geniş müzakirələrə səbəb olub. Şərhlərdə onlarla müəllim eyni problemlə üzləşdiyini, elektron sistem üzərindən etdikləri müraciətlərin ard-arda rədd edildiyini yazıb.
Narazılıq edənlər illərdir maaşlarından həmkarlar ittifaqları üçün üzvlük haqqı tutulmasına baxmayaraq, bu vəsaitin müqabilində real sosial dəstək və xidmət görmədiklərini bildirirlər.
Müəllimlər arasında artıq AHİK və sahə həmkarlar ittifaqlarından kütləvi şəkildə çıxmaq çağırışları da səslənir. Onların fikrincə, üzvlük haqlarının tutulduğu bir təşkilatın üzvlərinə göstərdiyi xidmət şəffaf və əlçatan olmalıdır. Əks halda, bu üzvlüyün davam etdirilməsinin heç bir mənası qalmır.


