“Zelenski Ukrayna Ordusunun Baş komandanını dəyişdi: Sırskini Drapatı əvəz edəcək” – BBC

“Zelenski Ukrayna Ordusunun Baş komandanını dəyişdi: Sırskini Drapatı əvəz edəcək” – BBC

Ukrayna prezidenti Vladimir Zelenski Silahlı Qüvvələrin Baş komandanı Aleksandr Sırskinin vəzifədən azad ediləcəyini açıqlayıb. Onun yerinə indiyədək Birləşmiş Qüvvələrə komandanlıq edən 43 yaşlı general-mayor Mixail Drapatı təyin olunacaq.

Milletinsesi.az  xəbər verir ki, bu barədə “bbc.com” nəşri məlumat yayıb.

Yeni baş komandan təyin olunur

Zelenski bildirib ki, ali hərbi rəhbərliklə keçirdiyi müşavirələrdən sonra bu qərara gəlib. Onun sözlərinə görə, yaxın və orta müddətli dövr üçün əsas vəzifələr artıq Drapatı ilə razılaşdırılıb. Prezident əlavə edib ki, Ukraynanın müdafiə əməliyyatları, uzaqmənzilli zərbə proqramları və hərbi planları əvvəlki qaydada davam etdiriləcək.

Eyni zamanda Zelenski vurğulayıb ki, Sırski Kiyevin müdafiəsi, Xarkov əks-hücumu və Kursk vilayətindəki əməliyyat zamanı mühüm nəticələr əldə edib. O, həmçinin Baş Qərargah rəisi Andrey Qnatovla da gələcək xidmət formatını müzakirə etdiyini bildirib ki, bu da onun da vəzifəsini tərk edəcəyinə işarə kimi qiymətləndirilir. Rəsmi fərmanların çərşənbə günü imzalanacağı açıqlanıb.

Dəyişikliyə nə səbəb olub?

Kadr dəyişiklikləri ötən həftə müdafiə naziri Mixail Fyodorovun istefasından sonra başlayıb. Zelenski həmin vaxt Fyodorovla Sırski arasında uzun müddətdir davam edən fikir ayrılığının aradan qaldırıla bilmədiyini deyib.
Nazirin istefasından sonra Ukraynanın bir sıra şəhərlərində etiraz aksiyaları keçirilib. Aksiya iştirakçılarının bir hissəsi Fyodorovun Müdafiə Nazirliyinə qaytarılmasını, Sırskinin isə istefasını tələb edib.

Fyodorov sonradan Sırski və Baş Qərargah rəisi Andrey Qnatovun dəyişdirilməsini prezidentə təklif etdiyini də təsdiqləyib. Etirazlar həftəsonu da davam edib. Kiyevdə keçirilən aksiyalardan birinə, yerli KİV-in məlumatına görə, təxminən 10 min nəfər qatılıb. Bundan sonra Zelenski müxtəlif səviyyəli hərbçilərlə bir sıra görüşlər keçirib və nəticədə Silahlı Qüvvələrin rəhbərliyində dəyişiklik etmək qərarına gəlib.

Sırskinin fəaliyyəti

Aleksandr Sırski 2024-cü ilin fevralında Valeri Zalujnını əvəz edərək Baş komandan təyin olunub. O, xüsusilə 2022-ci ildə Kiyevin müdafiəsi, Xarkov əks-hücumu və 2024-cü ildə Kursk vilayətində keçirilən əməliyyatlarla yadda qalıb.

Bununla yanaşı, Sırski tez-tez sərt idarəetmə üsulu və briqada komandirlərinin səlahiyyətlərinə müdaxilə etdiyi iddialarına görə tənqid olunub. Digər tərəfdən, bir çox müşahidəçi onun Rusiya ordusunun resurs üstünlüyü və Ukraynadakı səfərbərlik problemləri fonunda fəaliyyət göstərdiyini vurğulayır.

Kiyev meri Vitali Kliçko Sırskiyə təşəkkür edərək onun çətin şəraitdə vəzifəsini yerinə yetirdiyini bildirib. Sırski isə vəzifəni təhvil verməzdən əvvəl paylaşdığı müraciətdə ordunu təşəbbüsü əlində saxlayan və hücum imkanlarını qoruyan vəziyyətdə varisinə təhvil verdiyini yazıb.

Mixail Drapatı kimdir?

Mixail Drapatı müstəqil Ukraynada hərbi təhsil alıb. O, 2004-cü ildə Xarkov Tank Qoşunları İnstitutunu, 2017-ci ildə isə Ukrayna Milli Müdafiə Universitetini bitirib. O, 2014-cü ildə Mariupolun mərkəzinə Ukrayna qoşunlarının daxil olmasını təşkil etməsi ilə tanınıb. Həmin ilin avqustunda Luqansk vilayətinin İzvarino yaşayış məntəqəsi yaxınlığında mühasirəyə düşmüş bölmələri çıxarmağa nail olub.

Tammiqyaslı müharibə zamanı Xerson istiqamətində müdafiəyə rəhbərlik edib, daha sonra Xarkov vilayətində Rusiyanın hücumunun qarşısının alınmasında mühüm rol oynayıb. 2024-cü ilin oktyabrında general-mayor rütbəsi alıb və Birləşmiş Qüvvələrin komandanı təyin edilib. Hərbi ekspertlər Drapatını peşəkar komandir, şəxsi heyətə həssas münasibəti və ordudakı yüksək nüfuzu ilə fərqləndirirlər.

Fyodorovun gələcəyi

Zelenski keçmiş müdafiə naziri Mixail Fyodorovla görüşdüyünü və ona dövlət idarəçiliyində yeni vəzifə təklif etdiyini açıqlayıb. Prezident bu vəzifənin ölkənin texnoloji inkişafını əlaqələndirməyə imkan verəcəyini desə də, konkret postun adını açıqlamayıb.

Fyodorov daha əvvəl prezidentin müşavir vəzifəsi təklifindən imtina etdiyini bildirib. Onun yeni təklifə münasibəti hələ məlum deyil. Keçmiş nazir son kadr dəyişikliklərini “azad insanların azadlıq və ədalət uğrunda mübarizəsində yeni nəfəs və yeni ümid” adlandırıb, Mixail Drapatını təbrik edib, Aleksandr Sırskiyə isə Kiyevin müdafiəsi, Xarkov əməliyyatı və digər döyüşlərə görə təşəkkür etdiyini bildirib.

Share: