Azərbaycanlı sürücülər günlərdir Gürcüstan gömrüyünü keçə bilmirlər – XİN-ə nota göndərildi

Azərbaycanlı sürücülər günlərdir Gürcüstan gömrüyünü keçə bilmirlər – XİN-ə nota göndərildi

Gürcüstan ərazisindən tranzit keçən bir qrup azərbaycanlı yük maşını (TIR) sürücüsü günlərlə gömrük məntəqələrində saxlanıldıqlarını, saxlanılmalarının səbəbi barədə isə onlara hər hansı rəsmi izahat verilmədiyini bildirirlər.
Millətin Səsi.com
xəbər verir ki, bu barədə Report məlumat yayıb.
Sürücülər əsasən “Sarp” və “Qırmızı Körpü” sərhəd-keçid məntəqələrində, eləcə də Tbilisidəki Gömrük Rəsmiləşdirilməsi Mərkəzində uzun müddətdir gözlədiklərini deyirlər.
Sürücü Teymur Sultanovun sözlərinə görə, Batumiyə qədər hərəkət zamanı heç bir problemlə üzləşməyib. Lakin “Sarp” sərhəd-keçid məntəqəsində avtomobili saxlanılıb, pasportu, sürücülük vəsiqəsi və digər sənədləri götürülüb.
“Artıq 15 gündür gömrük ərazisindəyəm. Bizə sadəcə “gözləyin” deyirlər. Səbəbini soruşanda cavab vermirlər. Sənədlərdə, yükdə və ya çəkidə hansı problemin olduğunu heç kim izah etmir”, – sürücü bildirib.
Məsələ ilə bağlı Azərbaycanın Gürcüstandakı Səfirliyindən bildirilib ki, hadisə nəzarətə götürülüb. Səfirlikdən qeyd olunub ki, yaranmış vəziyyətlə bağlı Gürcüstan Xarici İşlər Nazirliyinə diplomatik nota ünvanlanıb və məsələ aidiyyəti dövlət qurumları ilə birlikdə araşdırılır.
Qeyd edək ki, bu, Gürcüstan ərazisindən tranzit keçən Azərbaycan yük avtomobillərinin gömrükdə uzun müddət saxlanılması ilə bağlı ilk hal deyil. Lakin sürücülərin sözlərinə görə, bu dəfə gözləmə müddətinin uzanması, rəsmi izahatın verilməməsi və qeyri-müəyyənlik əvvəlki hallarla müqayisədə daha ciddi narahatlıq yaradır.

Share: