İsrail iddia edir ki, qonşuları onunla yalnız bu məqsədlə dostlaşmaq istəyirlər

İsrail iddia edir ki, qonşuları onunla yalnız bu məqsədlə dostlaşmaq istəyirlər

İsrailin qonşuları onunla münasibətləri yalnız zahirən normallaşdırmaq, daha sonra isə əldə olunmuş razılaşmaları pozaraq yəhudi dövləti ilə yeni qarşıdurmaya başlamaq planları qururlar.

Millətin Səsi.az xəbər verir ki, bunu İsrailin ictimai yayımçısı “Kan”ın iddia edib.

“Kan”ın istinad etdiyi xarici mənbəyə əsasən, Yaxın Şərqdəki adı açıqlanmayan bir ölkənin nümayəndələri digər bir regional ölkəyə “taktiki çeviklik” nümayiş etdirməyi və İsraillə saziş bağlayaraq onu saxta təhlükəsizlik hissinə qapılmağa sövq etməklə yanaşı, eyni zamanda “daha genişmiqyaslı qarşıdurmaya hazırlaşmağı” tövsiyə ediblər.

“i24News” telekanalının məlumatına görə, İsrailin hərbi senzurası bu məlumatın yayılmasını gecikdirib. Kanal iddia edir ki, məlumat nəhayət yayımlansa da, həmin ölkələrin adlarının çəkilməsi hələ də qadağandır; halbuki bu tövsiyənin məhz bir ərəb ölkəsindən gəldiyi bildirilir.

1948-ci ildə qurulduqdan dərhal sonra İsrail yəhudi dövlətini tanımağı rədd edən bütün qonşu ərəb ölkələri ilə müharibə vəziyyətində qalmışdı. Hazırda İsrail Misir (1979-cu ildən), İordaniya (1994-cü ildən), Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Mərakeşlə diplomatik münasibətlər saxlayır. Sonuncu üç ölkə ilə münasibətlər 2020-ci ildə ABŞ-ın vasitəçiliyi ilə imzalanmış “İbrahim Sazişləri” çərçivəsində qurulub. Bu sazişlər Xartumla (Sudan) da münasibətlərin normallaşdırılmasını nəzərdə tuturdu, lakin Sudanda baş verən vətəndaş müharibəsi və Qəzza zolağındakı münaqişə səbəbindən bu proses tamamlanmamış qalıb.

Share: