Alkoqol, duzlu və şirin qidaların axşam saatlarında qəbulu damar sağlamlığına mənfi təsir göstərə və uzunmüddətli perspektivdə insult riskini artıra bilər.
Milletinsesi.az Publika.az-a istinadən xəbər verir ki, dietoloqlar Liz Vays və Rozanna Rast bu barədə “Eating Well” nəşrinə açıqlama veriblər.
Mütəxəssislərin sözlərinə görə, xüsusilə yüksək təzyiqi olan şəxslər axşam saatlarında duzlu qidalardan uzaq durmalıdır. Pizza, çips, ət yarımfabrikatları və hazır yeməklərin tərkibində yüksək miqdarda natrium olur. Artıq duz arterial təzyiqə nəzarəti çətinləşdirir ki, bu da insult üçün əsas risk faktorlarından biridir.
Dietoloq Rozanna Rast yatmazdan əvvəl alkoqol qəbul etməyi də təhlükəli vərdiş hesab edir. Alkoqol qan təzyiqini yüksəldə, damarların vəziyyətinə təsir göstərə və iltihabi prosesləri gücləndirə, həmçinin yuxunun keyfiyyətini poza bilər.
Liz Vays isə işdən sonra divanda uzanaraq vaxt keçirməməyi tövsiyə edib. Gün ərzində uzun müddət oturaq vəziyyətdə olan insanın axşam saatlarında da hərəkətsiz qalması fiziki aktivliyi daha da azaldır. Halbuki müntəzəm hərəkət ürək-damar sağlamlığının qorunmasına kömək edir.
Mütəxəssislər axşam saatlarında şirin qida və içkilərin də məhdudlaşdırılmasını məsləhət görür. Onların müntəzəm istifadəsi piylənmə, hipertoniya və 2-ci tip diabet riskini artıra bilər. Bu xəstəliklər isə insult ehtimalının yüksəlməsi ilə əlaqələndirilir.


