Qırğızıstan prezidenti Sadır Japarov 2027-ci ildə keçiriləcək prezident seçkilərində ikinci müddətə namizədliyini irəli sürəcəyini açıqlayıb.
Milletinsesi.az Publika.az-a istinadən xəbər verir ki, Japarov jurnalist Əli Toktakunova müsahibəsində prezident kimi fəaliyyətini davam etdirmək niyyətində olduğunu bildirib.
O, digər namizədlərin seçkidə iştirakına da məhdudiyyət qoyulmayacağını vurğulayıb.
“Daha bir müddətə namizədliyimi irəli sürəcəyəm və fəaliyyətimi davam etdirəcəyəm. Seçkidə iştirak etmək istəyən hər kəs namizədliyini irəli sürə bilər. Heç kimi məhdudlaşdırmayacağıq”, – Japarov deyib.
Qeyd edək ki, Qırğızıstanda növbəti prezident seçkilərinin 27 yanvar 2027-ci ildə keçirilməsi planlaşdırılır. Japarov 2021-ci ilin yanvarında keçirilən növbədənkənar seçkilərdə 79,2 faiz səslə prezident seçilib.


