Mələklər etdikləri ibadətə görə əcrə malik olurlarmı?

Allah Təala Qurani-Kərimdə buyurur: “Və səbir et və dözümlü ol ki, həqiqətən Allah yaxşılıq edənlərin mükafatını zay etmir”. (“Hud” 115).

Əllamə Məclisi kimi bəzi alimlərin nəzərinə görə Qiyamət gününün bərpa olması və hesaba çəkilmək – ancaq insanlara aiddir. Çünki mələklər məsumdurlar. Onlar günah etməzlər. Bəzi hədislərə görə mələklərin qidası – o təsbih, içəcəyi isə həmddir.

Əllamə Təbatəbai bu haqda buyurur: “Mələklərin vəzifələri biz insanların dərk səviyyəsindən çox böyükdür. Biz insanlar iradə sahibiyik və etdiyimiz əməlləri özümüz seçirik. Bu səbəbdən də boynumuza təklif qoyulmuşdur. Qiyamət günü etdiyimiz bu əməllərin hamısının hesabını verəcəyik. Buna görə savab və cəza alacağıq.

İnsanlar ictimai varlıqlar olduğu üçün cəmiyyətin hər bir fərdinə görə məsuliyyət daşıyır. Bu vəzifə iradəsi ilə yerinə yetirilir. Əgər saleh əməllər edərsə – mükafatlanar, yox əgər günah edərsə – cəza alar.

Ancaq mələklər ictimai yaşamazlar. Ona görə də onlar nə günah edər və nə də hesab verərlər. Bəli, mələklər firətlərindən nur saçan varlıqlardır ki, Allahın iradəsi ilə xəlq olmuşdular. Ancaq özlərinin iradəsi yoxdur. Ona görə də mələklər nə savab qazanar və nə də cəza alarlar. Mələklər Allahın əmrlərini yerinə yetirərlər. Ona görə də onların vəzifəsi fitridir, ixtiyari deyildir. Aralarında olan fərq hansı dərəcədə qərar tutduqlarından asılıdır”.

Ona görə də deyə bilərik ki, mələklər əməllərini ixtiyar üzündən deyil, Allahın iradəsinə görə yerinə yetirərlər. Bu səbəbdən də nə savab qazanarlar və nə də cəza.

Milli.Az

Share: