Mətbuat Şurası mediada süni intellektdən istifadə qaydalarını tənzimləyən prinsip hazırlayır

Mətbuat Şurası mediada süni intellektdən istifadə qaydalarını tənzimləyən prinsip hazırlayır
Azərbaycan Jurnalistlərinin Etik Davranış Kodeksi qaydalarına süni intellektlə bağlı yeni prinsipin əlavə edilməsi istiqamətində iş aparılır.

Milletinsesi.az Ölkə.az-a istinadən xəbər verir ki, bunu Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli Azərbaycan jurnalistlərinin IX Qurultayında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, yeni prinsip media subyektlərinin fəaliyyətində süni intellektdən istifadə qaydalarını müəyyənləşdirəcək:

“Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir. Bu qaydalarda süni intellektdən istifadənin məqsədləri, sərhədləri, yoxlama prosedurları və redaksiyanın məsuliyyəti aydın şəkildə müəyyənləşdirilir. Redaksiyalar öz əməkdaşlarının süni intellektdən istifadə bacarıqlarının artırılması üçün müvafiq şərait yaratmalıdırlar”.

Sədr müavini bildirib ki, süni intellekt sistemlərindən istifadə jurnalistin təşəbbüs və mühakiməsini, redaksiya müstəqilliyini və insan nəzarətini əvəz etməməlidir:

“Süni intellektin köməyi ilə yaradılan, dəyişdirilən və əhəmiyyətli dərəcədə formalaşdırılan məzmunun auditoriya tərəfindən düzgün anlaşılmasını təmin etmək məqsədilə şəffaflıq təmin edilməlidir. Auditoriyanı çaşdıra biləcək süni intellekt mənşəli foto, audio, video və digər məzmun müvafiq qaydada işlənməli və onun mənşəyi barədə auditoriyaya məlumat verilməlidir. Süni intellekt sistemlərindən istifadə zamanı müəlliflik hüquqları, şəxsi məlumatların və mənbələrin məxfiliyi, insan ləyaqəti və ayrı-seçkiliyə yol verilməməsi prinsiplərinə riayət edilməlidir”.

Share: