
Ermənistanın baş naziri Nikol Paşinyan dekabr ayında Rusiyaya üç dəfə səfər etməyi planlaşdırır.
Millətin Səsi.az xəbər verir ki, o, bu barədə Dublin şəhərindəki Beynəlxalq və Avropa Məsələləri İnstitutunda çıxışı zamanı bildirib.
“Dekabr ayında Rusiyada üç dəfə olacağam. Danışıqlar üçün üç səfər həyata keçirəcəyəm. Dekabrın 3-də, 11-də və 22-də danışıqlar aparmaq məqsədilə Rusiyaya gedəcəyəm. Ümid edirəm ki, Rusiya ilə münasibətlərimizdə dostluq mühitini qoruya biləcəyik”, – deyə Paşinyan qeyd edib.
Son bir neçə ay ərzində Paşinyanın Rusiyaya səfərə hazırlaşdığına dair dəfələrlə məlumatlar yayılsa da, tərəflərdən heç biri dəqiq tarixi təsdiqləməmişdi. O, brifinqlərdə və müsahibələrində Moskva ilə münasibətlərin transformasiya mərhələsində olduğunu və qaçılmaz olaraq dəyişəcəyini bildirib.
Sentyabrın 3-də Paşinyan qeyd edib ki, sentyabrın 2-də Bişkekdə keçirilən görüş zamanı Rusiya prezidenti Vladimir Putinlə birlikdə Ermənistan-Rusiya münasibətlərinin vəziyyətini nəzərdən keçirmək barədə razılığa gəliblər.


