
2027-ci ildə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitinə ev sahibliyi etməyə hazırlaşan Pakistan, Rusiya Prezidenti Vladimir Putinin səfərini səbirsizliklə gözləyir.
Millətin Səsi.az xəbər verir ki, bu barədə Pakistanın Moskvadakı səfiri Feysəl Niyaz Tirmizi TASS agentliyinə verdiyi müsahibədə bildirib.
“Biz Prezident Putinin Pakistana səfərini böyük səbirsizliklə gözləyirik”, – deyən Tirmizi, Rusiya liderinin ölkədə böyük hörmət və ehtiramla qarşılandığını vurğulayıb.
“Onu qəbul etmək bizim üçün əlamətdar bir hadisə olacaq”.
Səfir qeyd edib ki, Pakistanın ŞƏT-dəki sədrliyindən sonra növbə Rusiya tərəfinə keçəcək; o, bu məqamı təşkilat və onun üzv dövlətləri üçün olduqca əhəmiyyətli hesab edir.
Öz təcrübəsinə toxunan Tirmizi xatırladıb ki, ötən il etimadnaməsini təqdim edərkən Prezident Putin Pakistan haqqında xoş fikirlər səsləndirib. Xarici işlər naziri Sergey Lavrov da daxil olmaqla, digər rəsmi şəxslər də oxşar müsbət fikirlər ifadə ediblər.
Təşkilatın fəaliyyətinə gəldikdə, Tirmizi dialoqun real əməli addımlara çevrilməsinin vacibliyini vurğulayıb. “Əlaqələndirmə, ticarət və turizm elə sahələrdir ki, Pakistan burada mühüm töhfələr verə bilər”, – deyən səfir, daha əvvəl Bişkek və Sankt-Peterburqda keçirilmiş iki ŞƏT sammitinin təşkilində milli koordinator kimi qazandığı təcrübəyə istinad edib.
Səfir ŞƏT-i müstəsna bir platforma kimi xarakterizə edib. “Geniş coğrafi əhatə dairəsi, əhəmiyyətli əhali sayı və güclü iqtisadi potensialı ilə ŞƏT yaxın illərdə qlobal arenada ən nüfuzlu qurumlardan birinə çevrilməyə namizəddir”, – deyə o proqnozlaşdırıb.


