Baytar həkimin sosial şəbəkələrdə yerləşdirdiyi video-təlimat 400 min baxış toplayıb

Flamandiyalı baytar həkim Nils Kalle tərəfindən sosial şəbəkələrdə yerləşdirilmiş bir video-təlimat 400 min baxış toplayıb. Həmin videoda qoyunun arxası üstə köməksiz halda uzandığını görən fermerin və ya oradan təsadüfən keçən şəxsin necə hərəkət etməli olduğu izah edilir.

Video-çarxın müəllifi AZƏRTAC-a müsahibəsində bildirib ki, onun məqsədi belə vəziyyətdə heyvana kömək etməyin sadə üsulunu öyrətməkdir. O deyib: “Ola bilər ki, siz çöldə gəzməyə gedərkən arxası üstə köməksiz halda uzanmış bir qoyun görmüsünüz. Bu, bəlkə də gülməli görünə bilər, lakin əslində bu vəziyyətdə həmin heyvan həyatını itirə bilər. Belə anda qoyunun ayağa qalxması üçün sizin köməyiniz lazımdır. Əks halda heyvan tələf ola bilər”.

Qoyun arxası üstə uzun müddət uzandıqda o, boğula bilər, çünki onun bağırsaqlarında toplanan qaz ağciyərlərdə təzyiq yarada bilər. Belə halda heyvanı sadəcə böyrü üstə çevirmək olmaz, çünki onun bağırsaqları dolaşa bilər və heyvan tələf olar.

Video-təlimatın müəllifi deyib: “Bunun əvəzinə qoyunun baş tərəfinə keçib onun qabaq qıçlarından tutaraq ehtiyatla yuxarıya doğru dartmaq lazımdır. Qoyun öz quyruğuna söykənərək ayağa qalxandan sonra qan dövranı bərpa olunana, onun nəbzi və tənəffüsü normal vəziyyətə qayıdana qədər gözləyin. Sonra heyvanın qabağa əyilməsinə imkan verin, bundan sonra o özü ayağa qalxacaq”.

Baytarın video-təlimatı iki gün ərzində sosial şəbəkələrdə 400 min baxış toplayıb.

Share: