Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC Prezident İlham Əliyevin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli fərmanına uyğun olaraq dollar kreditləri üzrə kompensasiya ödənişlərini davam etdirir.
Milletinsesi.az quruma istinadən xəbər verir ki, aprelin 22-25-də bank olmayan kredit təşkilatlarının (BOKT) və ləğv prosesində olan bankların 31 336 müştərisinə ümumilikdə 8 444 074 manat kompensasiya ödənilib.
Bunlar alacağı məbləğ 500 manatdan az olan şəxslərdir və onlara ödəniş 1 497 poçt şöbəsində, nağd formada həyata keçirilir. Mayın 1-dən isə kompensasiyası 500 manatdan çoxı olan vətəndaşlar 77 poçt şöbəsindən pullarını qeyri-nağd formada, yəni kart vasitəsilə alıb, nağdlaşdıra biləcəklər.
Paytaxt Bakı istisna olmaqla, respublika ərazisində Sumqayıt, Gəncə, Tovuz, Qazax, Yevlax, Ağdam, Masallı, Cəlilabad, Şəmkir ərazisinə düşən kart sayı 1000-dən yuxarı, digər bölgələrdə isə 1000-dən aşağıdır.
Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təqdim olunan siyahıya əsasən “Azərpoçt”un icra edəcəyi əməliyyat 121 minə yaxın vətəndaşa şamil olunacaq. 45 minə yaxın vətəndaşın kompensasiyası 500 manatdan yuxarı olduğuna görə “Azərpoçt”un kartları vasitəsilə, 77 minə yaxın vətəndaş isə məbləği 500 manatdan aşağı olduğu üçün nağd şəkildə əldə edəcəklər.