Dünən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycan Respublikasında səfərdə olan Bolqarıstanın Daxili işlər naziri Mladen Marinovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Milletinsesi.az-a daxil olan məlumata görə, aparatda təntənəli mərasimlə qarşılanan Bolqarıstanın Daxili işlər naziri rəsmi protokola uyğun olaraq “Fəxri qonaq kitabı”nda ürək sözlərini yazıb.
Geniş tərkibdə keçirilmiş görüşdə Dövlət Sərhəd Xidmətinin rəisi tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədlərindəki mövcud əməliyyat şəraiti, sərhəd təhlükəsizliyinə olan təhdidlər, o cümlədən, Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20 faizinin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, bu ərazilərin qeyri-qanuni məqsədlərlə istifadə hallarının davam etdirilməsi qeyd olunmuş, transsərhəd cinayətkarlıqla mübarizədə həyata keçirilmiş tədbirlər, sərhəd mühafizə sisteminin gücləndirilməsi, maddi-texniki bazanın təkmilləşdirilməsi üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə məlumat verilib.
Nümayəndə heyətləri regionda cərəyan edən hadisələr, sərhəd təhlükəsizliyinə olan çağırışlar ətrafında fikir mübadiləsi aparıb, transsərhəd cinayətkarlığın təzahürləri ilə mübarizənin aparılması, sərhəd mühafizəsi və nəzarəti sahəsində praktiki fəaliyyətlərin, aidiyyəti sahələr üzrə təcrübə mübadiləsinin həyata keçirilməsi daxil olmaqla sərhəd əməkdaşlığının inkişaf etdirilməsinin Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında mövcud münasibətlərə əhəmiyyətli töhfə verə biləcəyini vurğulayıblar.
Görüş çərçivəsində “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə Bolqarıstan Respublikasının Daxili İşlər Nazirliyi arasında sərhəd məsələləri üzrə əməkdaşlıq haqqında Saziş” imzalanıb.
Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.