Varlı ölkələrin köməyi olmasa…

Varlı ölkələr Braziliyaya kömək etməsələr, bu ölkə Amazon çayı hövzəsində meşələrin məhv olmasını dayandıra bilməyəcək.

Milletinsesi.az AZƏRTAC-a istinadən bildirir ki, Braziliyanın ətraf mühit naziri Rikardu Salles bu sözləri Madriddə keçirilən, İqlim dəyişmələri problemlərinə həsr edilmiş COP25 sammitində söyləyib.

Nazir qeyd edib ki, onun ölkəsi meşələrin qanunsuz qırılmasına qarşı mübarizənin tərəfdarıdır, lakin bu məsələdə inkişaf etmiş ölkələrin dəstəyinə ehtiyac var. Rikardu Salles deyib: “Neçə illər bundan əvvəl bizə bu cür dəstək vəd edilib, lakin varlı ölkələrin bu məsələdə lazımi şəkildə iştirak edəcəyini hələ də gözləyirik. Bu məsələnin həlli üçün həqiqətən müvafiq vəsait lazımdır”.

Braziliya Prezidenti Jair Bolsonaru Amazon çayı hövzəsindəki meşələrin qorunması məsələsini bu il Avropa ölkələrinin bəzi liderləri ilə müzakirə edib, lakin ekologiya fəallarının Braziliyada ətraf mühitin müdafiəsini şübhəyə alması və onların Amazon regionunda meşələrin qəsdən yandırılması barədə əsassız ittihamları narahatlıq doğurur.

Bu ilin iyuluna qədər 12 ayda həmin regionda meşələrin qırılması son 11 ildə ən yüksək həddə çatıb.

Braziliyada meşələrin məhv olması barədə noyabr ayında dərc edilmiş hesabatdan məlum olur ki, son bir ildə Amazon hövzəsində 9760 kvadratkilometr meşə məhv edilib. Bu, əvvəlki illə müqayisədə təqribən 30 faiz çoxdur.

Rikardu Salles deyib ki, 2015-ci ildə imzalanmış Paris sazişinin 6-cı maddəsinə əsasən, inkişaf etmiş ölkələr iqlim dəyişmələrinin nəticələrinə qarşı mübarizədə Braziliyaya kömək etməlidirlər. Sazişin həmin maddəsində qeyd edilir ki, inkişaf etmiş ölkələrə kömək məqsədilə maddi kompensasiya mexanizmləri yaradılmalıdır.

Braziliya hökuməti Amazon regionunda ucsuz-bucaqsız tropik meşələrinin məhv edilməsinə qarşı mübarizə üçün AlmaniyaNorveç kimi varlı ölkələrdən yardım alıb. Təkcə Norveç Braziliyada 2008-ci ildə yaradılmış Amazon fonduna 1,2 milyard dollar (təqribən 1 milyard avro) vəsait köçürüb. Lakin bu Avropa ölkələrinin hər ikisi meşələrin qırılmasının davam etməsinə istinad edərək və Braziliya hökumətinin həqiqətən bunu istəməsini şübhə altına alaraq yardımı dayandırıblar.

Nazir Rikardu Salles daha sonra vurğulayıb ki, Braziliya hökuməti Amazon regionunda bioloji resursların qorunmasının tarazlaşdırılması məsələsinə xüsusi əhəmiyyət verir.

Share: