Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Sumqayıt şəhəri ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəbrayıl rayon sakini N.Quliyev saxlanılıb.
DİN-in mətbuat xidmətindən Milletinsesi.az-a bildiriblər ki, şəxsi axtarış zamanı ondan 3 qrama yaxın heroin və 9 qrama yaxın metamfetamin götürülüb.
Araşdırmalarla onun Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsaletmə, əldəetmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olması da müəyyən edilib.
Davam etdirilən tədbirlərlə onun qohumu X.Quliyevin Kotec qəsəbəsindəki evindən 245 qramdan çox heroin, 241 qrama yaxın metamfetamin və 2 elektron tərəzi aşkarlanaraq götürülüb.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.