Şikayətçi: “Məndən 10 min manat rüşvət alan polis mayoru kimə güvənir”?

39-cu polis bölməsinin sahə rəisi,polis mayoru Muradov Asif  məndən oğlum Vəliyev Amilin həbsdən buraxılmasına kömək etmək adı ilə məndən 10 min AZN rüşvət alıb. Amma bu günə kimi nə işi görüb, nə də pulumuzu qaytarıb.

Bu barədə Lerik rayon Xanagah kənd sakini Vəliyev Vəlixan Gülhəsən oğlu Milletinsesi.az-a ünvanladığı şikayət ərizəsində yazıb. O bildirib: “Mənim kimisə həbs elətdirmək fikrim yoxdur. Həyətimdəki bütün mal-qaranı satdım, borc və faizə girdim ki, 5-10 manatlıq siqaret oğurladığına görə həbs olunan oğlumun gəncliyini məhv etməkdən qurtarım. Amma dəllal vasitəsi ilə tapdığım polis mayoru bir ilə yaxın məni süründürür ki, oğlumu  həbsdən qurtaracaq. Lakin  Qubaya gedəndə anladım ki, polis mayoru Muradov Asif etibarımızdan istifadə edərək məni aldadıb. Məsələ ilə əlaqədar DİN-ə, Korrupsiya idarəsinə də yazılı müraciət etsəm də hələ ki bir nəticə yoxdur. Sanki hər yerdə onu qoruyurlar. Kimə arxayındır bilmirəm”?

Şikayətçinin iddiası ilə bağlı 39-cu polis bölməsi ilə əlaqə saxladıq. Sahə rəisi polis mayoru Muradov Asif Vəliyev Vəlixanın iddialarını  böhtan adlandırdı.

Qeyd edək ki, dünən 18 dekabr 2019-cu il tarixində Daxili İşlər Nazirliyində Vəliyev Vəlixan və digər şahidlərdən şikayətlə bağlı  izahat alınıb. Onlar faktı təsdiqləmək üçün səs yazılarını da təqdim ediblər.

 

Share: