“Quş qripi” ilə bağlı epizootoloji monitorinqlər keçirilib

Respublika ərazisini yüksək patogen “quş qripi” xəstəliyindən qorumaq məqsədilə epizotoloji monitorinqlərə başlanılıb.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, monitorinqlər 16-20 dekabr tarixlərində Agentliyin, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasının və Bərdə, Sabirabad, Quba və Lənkəran Regional Sınaq Laboratoriyalarının, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə keçirilib.

Çöl quşları arasında monitorinqlər Abşeron yarımadasını, Şabran, Ağcabədi, Salyan və Lənkəran rayonlarındakı Milli Park və təbiət qoruqlarını, su-bataqlıq ərazilərini, eləcə də respublikamızın dənizsahili zonalarını əhatə edib. Həmin ərazilərdən toplanılan çöl quşlarının nümunələri Milli Park ətrafında qurulan və Cənubi Qafqazda ilk dəfə ölkəmizdə istifadə edilən çadırtipli biotəhlükəsizlik səhra laboratoriyasında müayinə olunub. Müayinələr spesifikliyi yüksək və təsdiqləyici metod sayılan Polimeraz Zəncirvari Reaksiya üsulu ilə həyata keçirilib. Mobil şəraitdə müayinələrin aparılmasında məqsəd qısa vaxt ərzində daha çevik və operativ şəkildə nəticələrin əldə edilməsidir.

Eyni zamanda, həmin müddətdə Abşeron, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı iri quşçuluq müəssisələrində və həyətyanı təsərrüfatlarda saxlanılan müxtəlif növ quşlardan toplanan nümunələr Səyyar Biotəhlükəsizlik Laboratoriyasında müayinə edilib.

Aparılan monitorinqlərin nəticələri ilə bağlı məlumatlar ictimaiyyətə açıqlanacaq.

Share: