Nazirlik bu şəxslərə ev verdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Qaradağ rayonunda bir qrup şəhid ailəsinə və Qarabağ müharibəsi əlilinə mənzillər verilib.

Nazirlikdən Milletinsesi.az-a verilən məlumata görə, mənzillərin təqdim edilməsi tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Vüqar Behbudov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin həssas qruplarına xüsusi qayğısının bir təzahürü kimi, şəhid ailələrinin və müharibə əlillərinin mənzillə təminatı işlərinin uğurla davam etdirildiyini bildirib.

Qeyd edilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2018-ci ildə şəhid ailələri və müharibə əlillərinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil verilib, bu il isə həmin kateqoriyalardan olan vətəndaşlara ötən ilkinə nisbətən 50 faiz çox, yəni 934 mənzil və fərdi ev verilməsi planlaşdırılıb. Onlardan artıq böyük əksəriyyəti verilib. Təqdim edilən mənzillərdə müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb.

İmtiyazlı kateqoriyadan olan vətəndaşların nazirlik tərəfindən avtomobillə təminatında da mühüm addımlar atılır. 2018-ci ildə onlara 265 avtomobil verilib, cari ildə isə 600-ə yaxın avtomobil verilməsi nəzərdə tutulub ki, onlardan da 500-ə yaxın avtomobilin verilməsi artıq təmin edilib. Ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş vətəndaşlara indiyədək 6465 minik avtomobili verilib.

Yeni mənzillərlə təmin olunan vətəndaşlar onlara göstərilən yüksək qayğıdan, şəhid ailələrinin, müharibə əlillərinin sosial təminatının daim gücləndirilməsindən razılıqla bəhs edib, bu istiqamətdə atılan mühüm addımlara, bu gün isə yeni mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

 

Share: