Nar şirəsinin saymaqla bitməyən FAYDALARI

Yetişdiyi məkandan asılı olmayaraq nar cənnət meyvəsi, ağacı həyat ağacı, şirəsi isə sevgi içkisi adlandırılır.

Növündən asılı olaraq, nar şirin və turş olur. Meyvəyə turş dad verən onun şirəsindəki limon turşusudur. Onun tərkibi şəkər və limon turşusu ilə yanaşı, vitaminlər, boyayıcı maddələr, makro və mikroelementlərlə zəngindir. Qədim zamanlarda şərqdə nar “meyvələrin şahı” sayılırdı.

Saglamolun.az AZƏRTAC-a istinadən bildirir ki, narın ən qiymətli sortu eramızdan əvvəl qədim Yunanıstanın Karfagen vilayətində becərilsə də, onun vətəni İran hesab edilir. Onu elmi təbabətə ilk dəfə hind həkimləri gətiriblər.

Nar şirəsi yüksək vitaminli içki kimi yorğunluq, qanazlığı, bronxial astma, angina, şüalanma, sınqa xəstəliyi zamanı içilir. Bərpaedici vasitə kimi yoluxucu xəstəliklərdən, operativ müdaxilələrdən, mədə-bağırsaq pozuntularından sonra qəbul edilməsi də çox faydalıdır. Nar iştahanı yaxşılaşdırır, sidik turşulu diatezin, başağrılarının, hipertoniyanın müalicəsində istifadə edilir. Sinir sisteminin möhkəmlənməsi və oyanıqlığı azaltmaq üçün meyvənin pərdəli arakəsmələri qurudularaq çay kimi dəmlənilib içilir.

Nar şirəsini su və kök şirəsi ilə qarışdıraraq qəbul etmək məsləhət görülür. Ürək-damar sistemi üçün çox faydalı olan bu içki immun sisteminin fəaliyyətini yaxşılaşdırır, orqanizmi möhkəmləndirir.

Gündəlik nar şirəsi içmək və ya meyvəsini yemək mədə-bağırsaq, həzm sistemi, ürək çatışmazlığı, revmatizm və şəkər xəstəliyi zamanı faydalıdır. Diabetdən əziyyət çəkənlərin isə gülöyşə və mələs kimi turşməzə nar növlərindən istifadə etməsi məsləhət görülür.

Boğaz və ağciyər üçün çox faydalı olan nar öskürəyi kəsmək qabiliyyətinə malikdir. Dırnaq iltihabı və cərrahi yaraların müalicəsində nar tumu balla qarışdırılaraq həmin nahiyəyə tətbiq edilir. Meyvənin suyu bağırsaqları yumşaldır.

Nar şirəsi damarlarda aterosklerozun inkişafını zəiflədir. Meyvənin tərkibi qan dövranını gücləndirən antioksidantlarla çox zəngindir. Prostat vəzi xərçənginin yaranma riskini azaldır.

Share: