Vyana dünyada ən çox bal arısının yaşadığı paytaxt şəhərdir

Vyana şəhəri ərazisində hazırda 5 min arı ailəsi mövcuddur. Orta hesabla hər arı ailəsində 40 min arı yaşadığını nəzərə aldıqda, 200 milyon bal arısı bu şəhərin „sakini” sayılır.

Bu barədə məlumatı „Hektar Nektar” adlı startap şirkəti yayıb. Şirkətin məlumatına görə, hazırda Vyana dünyada ən çox bal arısının yaşadığı şəhərdir. Əhalisi 1,9 milyon nəfər olan və ərazisi 414,6 kvadratkilometri əhatə edən şəhərdə biomüxtəliflik və növlərin mühafizəsi ön planda dayanır. Şirkətlər və arıçılar arasında əməkdaşlığın qurulmasını özünün əsas hədəfi elan edən „Hektar Nektar” müxtəlif ərazilərdə arı yeşiklərinin yerləşdirilməsi, həvəskar və peşəkar arıçılara şirkətlər tərəfindən texniki və maddi dəstək göstərilməsi, onların məhsulunun satılması və ümumilikdə arıçılıq peşəsinin tanıdılması və arıların qorunması işini təbliğ edir.

Vyanada müxtəlif parklarda tez-tez izolə edilmiş yerlərdə arı yeşiklərinə rast gəlmək mümkündür. Şəhər ərazisinin təxminən yarısının park və yaşıllıqdan ibarət olması arılara məhsul toplamaq üçün əlverişli şərait yaradır. Eyni zamanda binaların damları da arıçılıq üçün yeni məkan kimi dəbə minməkdədir. Belə ki, Avstriya Parlamenti, Vyana Şəhər Bələdiyyəsi binası, Vyana Dövlət Operası, Vyana İncəsənət Tarixi Muzeyi olmaqla çox sayda dövlət, ictimai və yaşayış binalarının damında arı yeşikləri var. Arılar heç kimə maneə olmadan ətraf ərazilərdəki gül-çiçəklərdən nektar və çiçək tozu toplaya bilirlər.

Təşkilatdan bildirib ki, təxminən 200 milyon bal arısına ev sahibliyi edən Vyana şəhəri Berlinlə bərabər dünyada ən çox bal arısının yaşadığı paytaxt şəhərdir. Damlarda arı saxlanılması təbiətin qorunması və davamlılığın təmini üçün uğurlu konsepsiya kimi özünü doğruldub. Şəhər ərazisində bitkilərə pestisidlərin verilməməsi və rəngarəng bitki örtüyünün mövcudluğu arıçılıq imkanlarını genişləndirir. Belə ki, kənd təsərrüfatının inkişaf etdiyi regionlarda monokulturlar (yalnız bir bitkidən ibarət tarlalar) arılar üçün yalnız çox məhdud vaxt ərzində nektar toplamağa yararlı olur, ilin digər vaxtlarında isə belə tarlalar (qarğıdalı, günəbaxan, raps və s.) arılar üçün „yaşıl səhra”ya çevrilir. Lakin şəhər ərazisindəki bitki müxtəlifliyi və onların çiçəkaçma dövrü yazdan payızadək uzun bir dövrü əhatə edir, bu da arıların məhsul toplaması üçün mühüm əhəmiyyət daşıyır.

„Hektar Nektar” təşkilatı hazırda „2028.ci il layihəsi” adlı proqram həyata keçirir. Həmin proqramda iştirak edən arıçılar bu proqrama qoşulan şirkətlərin dəstəyi ilə maddi və texniki dəstək alaraq, mümkün qədər çox arı ailəsi saxlamalıdırlar. Təşkilat proqram çərçivəsində həm arıçılıqla məşğul olan şəxslərin sayını, həm də arı populyasiyasını artırmağı hədəf götürüb. (AZƏRTAC)

Share: