Sabir Rüstəmxanlı Cocuq Mərcanlıda

Sabir Rüstəmxanlı Cocuq Mərcanlıda

Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı dünən Cocuq Mərcanlıya gedib.

Milletinsesi.az xəbər verir ki, o əvvəlcə Novruz Aslanov adına orta məktəbə baş çəkib. Öz kitablarını məktəbə hədiyyə edən Xalq şairi, müəllimlərlə və şagirdlərlə söhbət edib, məktəbin xatirə kitabına ürək sözlərini yazıb.

Daha sonra kənddə tikilən məscidə baş çəkib və Cocuq Mərcanlıda təşkil olunan tədbirə qatılıb, kənd sakinləri ilə söhbətlər edib.

S.Rüstəmxanlı səfərlə bağlı Feysbuk səhifəsində təəssüratını bölüşüb:

“Bu il Allah bizə acıq verirmişcəsinə, cahilliyimizə, biganəliyimizə, birləşə bilməməyimizə, acizliyimişə görə bizi cəzalandırmaq üçün göz dağı kimi, düşmən əlində olan Qarabağ torpaqlarına özəl bir gözəllik bəxş edib. O dünyada görəcəyimizə ümid bəslədiyimiz Cənnət elə Qarabağdır…

Tərtəri, Bərdəni, Ağdamın və Füzulinin əlimizdə olan kəndlərini gəzdikcə, Dəlidağın, Murovun yaz günəşində göz qamaşdıran və həsrətlə bizi çağıran qarlı zirvələrinə ürəyimiz sızıldaya-sızıldaya boylandıqca nə boyda bir dünyamızı itirdiyimizin ağrısı yenidən dolur içimizə və Bakıya qayıtmaq həvəsi itib gedir…Araz vadisinin abad kəndləri, ölkənin ən gözəl şəhərlərindən birinə çevrilmiş Horadiz, yeni salınmış qəsəbələr azad olunacağı halda Qarabağı necə böyük bir aqibət gözlədiyini nümayiş etdirir.

…Bazar günü olmasına baxmayaraq, Çocuq Mərcanlı kənd məktəbinin qarşısı müəllim və şagirdlərlə dolu idi. Biz yaxınlaşanda pillələrdə oturmuş bir dəstə uşaq özləri üçün dostumuz Şəmistan Əlizamanlını da heyrətləndirəcək məlahətli bir xorla “Leytenant” mahnısını oxuyurdular. Həm həyəcanlı, həm də qürur doğuran bir səhnəydi.

Məktəbin direktoru Zamin müəllimlə sinifləri gəzdik, məktəbin yetərincə zəngin kitabxanasına baxdıq. Sonra respublika Qızıl Ay cəmiyyətinin şagirdlərlə keçdiyi təlimlərə baxdıq, hədiyyə verdiyi çadırlarda kənd camaatı ilə görüşdük, kəndi gəzdik… Arazın o tayında Güney Azərbaycanın yaşıl dağları, öndə Qarabağın qarlı dağları, sinəmizdə savaşın və ədalətsiz dünyanın çəkdiyi dağlar… Qarabağda bir günümüz belə keçdi…”

Qeyd edək ki, Cocuq Mərcanlı kəndi 1993-cü ildə düşmən tərəfindən işğal edilsə də, bir il sonra Horadiz əməliyyatı nəticəsində azad olunub. Lakin Lələtəpə yüksəkliyi ermənilərin nəzarətində olduğundan burada yaşamaq qeyri-mümkün idi. Yalnız 2016-cı ilin Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad olunması bu təhlükəni aradan qaldırdı.

Prezident İlham Əliyevin sərəncamları ilə Cocuq Mərcanlıda birinci mərhələdə 50 evin, məktəb binasının, məscidin, elektrik yarımstansiyasının tikintisi həyata keçirilib, qaz, elektrik, rabitə, içməli su xətləri, uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilib.

Kənddə tikinti işlərinin növbəti mərhələsində daha 100 ev, uşaq bağçası, tibb məntəqəsi, poçt, klub-icma mərkəzi üçün binalar və digər zəruri infrastruktur obyektləri, “Qayıdış” parkı inşa edilib.

Share: