Baş ofisi ABŞ-da yerləşən “U.S. News & World Report” adlı media şirkəti “BAV Group” və “The Wharton School of the University of Pennsylvania” ilə birlikdə 2019-cu ilin “Ən yaxşı ölkələri”nin siyahısını açıqlayıb.
Milletinsesi.az-nın “usnews.com” saytına istinadən xəbərinə görə, siyahıda yer almış dünyanın 80 ölkəsi arasında Azərbaycan da yer alır. Siyahı dünya üzrə 20.000 dən çox müxtəlif ölkə vətəndaşları ilə aparılmış sorğu əsasında müxtəlif kriteriyalar üzrə, o cümlədən vətəndaşlıq, mədəni təsir, sahibkarlıq, biznes üçün açıqlıq, güc, həyat səviyyəsi kimi meyarlar əsasında hazırlanıb. Təqdirəlayiq haldır ki, ölkə gücünün qiymətləndirilməsində Azərbaycan bir çox aparıcı ölkələri geridə qoyaraq 45-ci yeri tutub. Gücün qiymətləndirilməsi zamanı lider, iqtisadi baxımdan təsirli, siyasi baxımdan təsirli, güclü beynəlxalq müttəfiqlik və güclü silahlı qüvvələr amilləri nəzərə alınıb. İqtisadiyyatın inkişaf tempi baxımından isə ölkəmiz 35-ci yerdə qərarlaşıb.