Leriklilər İqbal Məmmədovu niyə “seçməsinlər”?

78 saylı Lerik Seçki Dairəsindən namizədliyi YAP tərəfindən irəli sürən İqbal Məmmədov həm mətbuat, həm də Lerik sakinlərinin bəzilərinin “top atəşinə” məruz qalıb..
 
Kimisi “Relax” istirahət mərkəzində baş verən xoşagəlməz hadisələri, kimisə duruşunu, kimisi seçicilərlə görüşməməyini əldə bayraq edib Məmmədovu yıxıb sürüyürlər. Təkcə İqbal Məmmədov deyil ki, bu vəziyyətdə olan.. Seçki kampaniyası ərəfəsində  fəallıq göstərən istənilən aktiv namizəd eyni situasiya ilə üzləşirlər. Onların bəziləri haqlı, bəziləri isə haqsız iradlardır . Amma seçicilərlə müntəzəm görüşməyən, özlərinə arxayınlar və seçicilərinin saymayanlar haqqında nə danışan var, nə də onları tənqid edən..
 
Baxırsan özünü jurnalist hesab edən bir şəxs deputatlığa namizədliyini verəni tənqid edir, onun seçilməyə haqqı olmadığını bildirir. Sabah onunla şəkil çəkdirib onu müdafiə etməyə başlayır. Adamın lap iyrənməyi gəlir..
 
Milli məclisin deputatı olmuş istənilən namizəd haqqında fikir müxtəlifliyi ola bilər. Bu da təbiidir.. Amma bəzilərinin “vurmaq” taktikası ilə münasibət formalaşdırmağa və “reklam pulu” qopartmağa yönəlik iyrənc kampaniyaları var.. Bəzilərinin namizədliyini irəli sürüb sonra zəngin namizədin xeyrinə para qarşılığında geri götürmələr də var.. Heç olmasa namizədliyini geri götürənlər onlar üçün imza verənlərə aldıqlarından verirlərmi? Vallah ayıbdı!! Elə pul qazanmaqdansa, tualet təmizləyib pul qazanmaq daha şərəflidir. Hətta utanmaz-utanmaz qalstuk vurub kişi-kişi gəzirlər də…
Lerik rayonunun Xanagah kəndində göz açan, uşaqlığı meşələrdə götük daşıyan, gəncliyi daş karxanalarında(bir hissəi də bayraq daşımaq) çürüyən  və bütün leriklilərlə eyni  taleyi yaşayan biri kimi sizlərlə fikirlərimi bölüşmək istərdim.
 
..Leriklilər indiyədək ,ümumiyyətlə, nə deputatdan, nə icra başçısından yaramayıblar. Lerikin kəndləri boşalıb. Söhbət etməyə bir gənc tapmazsan. Elə məktəblər var ki, orda birinci sinifə cəmi iki-üç uşaq gedir. Daş karxanalarında ən ağır şəraitdə Lerikin gəncləri bir tikə çörək üçün işləyirlər. Aran zonasının tarlalarında yetişən pambıq, soğan, kartofu gəlinlərimiz, qızlarımız və analarımız yığır. Masallı, Cəlilabad, Biləsuvarın otlaq sahələrini  atalarımız, əmilərimiz günəmuzd işləyərək biçirlər. “Tapka”,”pambıq”,”soğan” “karyer” qədər doğma anlayışlar yoxdur leriklilər üçün.. Çox əzablı olsa da kişili- qadınlı çalışaraq vətən üçün Mübarizlər yetişdirirlər. Artıq, leriklilər üçün kimin deputat olmağın fərqi yoxdur. Milli Məclisə seçilən hansı deputat nə iş görüb ki  millətimiz üçün?  Bundan əvvəlki deputat Miri Qəmbərov necə idisə,  İqbal Məmmədov elədir. Bircə fərq var; İqbalın hesabına leriklilərin bəziləri su, qaz və neft idarələrinə işə düzəlib.
 
Məlumunuz olsun ki, ön cəbhədə keşik çəkənlər də, bu ölkənin ən ağır işlərini görənlər də Lerik rayonunun kasıb və qeyrətli insanlarıdır. Lerikdən yalnız lerikli deputat seçilməlidir. Yalnız o, leriklilərin dərdlərini bilər. Lerik kəndlərində yaşamaq özü bir qəhrəmanlıqdır və bunu da orada yaşayan bilər. Mən daş karxanasında fəhlə işlədim, fəhlə sinfinin əksəriyyətinin Lerik və Yardımlıdan olduğunu gördüm, pambıq yığımına getdim yenə eyni şeyi gördüm. Arana ot biçiminə getdim orada da eyni vəziyyət idi. Lerik və Yardımlıda iş yerləri açmaq lazımdır. Kəndimizin cavanları işsizlikdən, çarəsizlikdən oğurluq edərək həbs olunublar və proses davam edir. Leriklilərə daha çox iş yeri lazımdır. Bülüdülün təbii qazlı suyu boş yerə çaylara axır, qiymətli meşə ağacları təbii qazın olmadığına görə məhv edilir. Lerikin resurslarından istifadə edib iş yerləri açılmalıdır. Milyonlarla manatlar xərclənən Lerik-Xanagah yolu istismara qəbul edilməmiş dağıldı. İkinci dəfə yenə ölkə  ölkə Prezidenti tərəfindən  külli miqadarda vəsait ayrıldı, amma yoxa çıxdı. Leriklilər yüzlərlə şikayət məktubu yazdı, dağlar səs çıxardı, amma İqbaldan səs çıxmadı..
 
Lerikə istirahətə gedən məmurlar!  Yol qırağında başı və üzü bağlı xanımların səhralarda yayın qızmar istisində işlədiyini haram pulla aldığınız kondisionerli maşınlarınızdan yəqin ki, seyr etmisiniz. Elə cənab deputatımız da.. İqbal Məmmədov “Relaxa” gedəndə yol üstü maşınını  saxlayıb vedrələrlə çiyələk alanda, səhrada zülm çəkən seçicisi ilə bir dəfə də olsun maraqlanıbmı? Onların əksəriyyəti Lerik kəndlərindən evini və uşağını yiyəsiz qoyub gələrək çörək puluna işləyən namuslu qadınlarımızdır. Gündəliyi 5-6 manata, müqaviləsiz, filansız.. Evdə xanımını nazlamayan kişilərin acığına küçələrə çıxıb şiddətə son qışqıranlar heç ağır soğan kisələrinə güc veriblərmi? Qədəh-qədəhə toqquşdurub kafelərdə qadın azadlığı hayqıranlar ailə müqəddəsliyini qorumaq üçün tarlada pambıq yığarlarmı? Əlbəttə yox..
Ona görə əfəndilər Lerikə və leriklilərə iş yeri lazımdır, iş.. İqbal Məmmədov bu istiqamətdə çox “iş” görüb və inanıram ki,  yenidən seçilsə, öz missiyasını davam etdirəcək.  Lerkin başqa kəndlərində də yeni  istirahət yerləri, toyuq fermaları açıb bizneslərini genişləndirəcək və onları qoruyacaq.  Baxmayaraq ki, o istirahət mərkəzlərində oturmaq leriklilər üçün xəyala çevrilib, onların tullantıları çayların təmiz sularını çirkləndirir, onlardan aşağıda yerləşən kəndlərdə yaşamaq dözülməz olub, olsun.. Təki turizm inkişaf etsin. Təki bizim deputat daha varlansın.  Həm də İqbal Məmmədovun son şansının əlindən getməyinə göz yummayın. Onun övladı və kürəkəni vergi əməkdaşlarına hücum etdiyi üçün həbs olunub. Əgər o, deputat seçilməsə, keçiriləcək məhkəmə Məmmədovların son məhkəməsi ola bilər..  Bütün lerikliləri İqbal Məmmədova səs verməyə cağırıram)) Heç olmasa qohumlaı azadlığa qovuşacaq və seçki vaxtı boynuna şərf dolayıb icranın işçiləri ilə yeyib-içməyə gələcək. Seşki məcəlləsinin maddləri  pozulsa belə..
Talıb Əhədov
Share: