Qalmaqallı Seçki Dairəsindəki məsələlərə aydınlıq gətirildi

Xətai 35 saylı Seçki Dairəsində heç bir gərginlikdən söhbət gedə bilməz, dairə və məntəqələr   seçki   məcəlləsinə tam uyğun olaraq öz işlərini  fasiləsiz  davam etdirir. Dairənin sədri İmran Hüseynəliyev  isə  səhhəti ilə bağlı müalicəyə gedib. O bundan əvvəl də iki dəfə açıq ürək əməliyyatı keçirib.

Bu sözləri Milletinsesi.az -a  Xətai 35 saylı Seçki Dairəsinin  katibi Dilarə İsmayılova həmin Dairə  haqqında mətbuatda yayılan xoşagəlməz informasiyalara münasibət bildirərkən deyib. Onun sözlərinə görə, seçkinin təbliğat və təşviqat mərhələsindəyik. Dairə ərazisində namizədliyi qeydə alınmış namizədlərin təbliğat və təşviqat kampaniyaları da çox aktivdir. Kiçik şikayətlər olsa da hər şey normaldır.

Sonra o, “Dairə sədrinin bəhanə edib istehfası” haqqındakı şaələrə də aydınlıq gətirib:  “Dairənin sədri İmran müəllim sinəsini açıb  yarılmış bədənini göstərməlidir  ki, mətbuat  onun həqiqətən xəstə olmasına inansın? Namizədlərin arasındakı mübarizədən Dairəyə nə dəxli? Biz seçki prosesini həyata keçiririk,  hər şey yüksək səviyyədədir və tam şəffaf  seçki prosesi həyata keçiriləcək”.

Qeyd edək ki, 35 saylı Seçki Dairəsinin sədri İmran Hüseynəliyev  səhəti ilə bağlı işdən çıxarılması haqqında ərizə yazıb. Dairənin əsas favoritləri “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Abbasov və Ümid Partiyasının sədri İqbal Ağazadədir. Bəzi  internet saytları  sədrin işdən uzaqlaşmasını  Dairə ərazisində  bu iki namizəd  arasındakı gərginliklə əlaqələndirmişdirlər.

Share: