Azərbaycanda “Bitkoin” səfirliyi (“Bitcoin Embassy Azerbaijan”) açılacaq.
Bunu ONA-ya layihə rəhbəri Səbinə Məmmədli deyib.
Onun sözlərinə görə, hazırda qeyd olunan məsələyə dair ADA Universiteti ilə danışıqlar aparılır.
“Layihənin nə zaman start veriləcəyi danışıqların nəticəsindən asılı olacaq. Layihənin icrası ilə bağlı həmçinin “Cisco” şirkəti ilə də danışıqlar aparılır. Qeyd edim ki, hazırda “Bitcoin Embassy” qonşu Gürcüstanda fəaliyyət göstərir. Bizim bu ölkədən olan tərəfdaşlarımızın təşəbbüsü ondan ibarətdir ki, Azərbaycanda da “Bitkoin” səfirliyi fəaliyyət göstərsin. Təklif “blockchain” sahəsi üzrə mütəxəssislər tərəfindən universitetin informasiya texnologiyaları fakültəsində təhsil alan tələbələrə blockchain mövzusunda tədrisin təşkil edilməsindən ibarətdir. “Bitcoin Embassy”nin fəaliyyəti həmçinin konfransların, görüşlərin, leksiyaların təşkili, eləcə də “blockchain” sahəsində fəaliyyət göstərən startaplara dəstək verilməsindən və təcrübə mübadiləsindən ibarət olacaq”, – deyə S.Məmmədli qeyd edib.
Layihə rəhbəri onu da bildirib ki, Gürcüstanın “Bitkoin” səfirliyi (“Bitcoin Embassy Georgia”) hazırda bu təşəbbüsü bir çox MDB ölkələrində həyata keçirir.