Çilidə arxeoloqlar tarixi hadisənin şahidi olublar. Onlar qədim insanın ayaq izini tapıblar.
Bizimyol.info xəbər verir ki, arxeoloqlar tarixi izi Osorno şəhərinin Pilauko adlanan yerində aşkar ediblər. Araşdırma göstərib ki, iz “Hominipes modernus” adlı insan növünə aiddir. Bu növ “Homo sapiens”ə yaxınlığı ilə fərqlənir. İzin təxminən 15,6 min yaşı var.
İndiyə qədər Amerika qitəsində bu qədər qədim tapıntı ortaya çıxmamışdı. Ən qədimi Çilinin cənubi-mərkəzi hissəsində Monte-Verde adlanan yerindəki qalıqlar sayılırdı. Orada 20-30 nəfərin yaşaya biləcəyi daxma dağıntıları aşkar olunmuşdu. Həmin qalıqların təxminən 14,6 min yaşı olduğu bildirilirdi.
Pilaukoda qazıntılar 2007-ci ildən aparılır. Bu yer Monte-Verdedən cəmi 100 kilometr məsafədə yerləşir. Burada ayaq izindən başqa məməlilərin (mastodon və atlar) sümükləri, odun, toxum və daş alət parçaları daxil olmaqla fosillər tapılıb.