Azərbaycanda 13 tibbi ərazi bölməsi yaradılıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) “Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə tibbi ərazi bölmələri”ni təsdiq edib.

Agentlikdən Milletinsesi.az-a verilən məlumata görə, tibbi ərazi bölməsi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin inzibati ərazi vahidləri üzrə qruplaşdırılmasıdır. Tibbi ərazi bölmələrinin inzibati ərazi vahidləri üzrə bölgüsü əhalinin sayı, coğrafi ərazi, nəqliyyat infrastrukturu, tibb müəssisələrinin şəbəkəsi və potensialı, həkim və orta tibb işçilərinin sayı nəzərə alınmaqla formalaşdırılıb.

Agentlik tərəfindən ümumilikdə 13 sayda tibbi ərazi bölməsi müəyyənləşdirilib. Bir tibbi ərazi bölməsinə bir neçə şəhər/rayon üzrə dövlət tibb müəssisəsi daxil edilib.

Həmçinin, 3 tibbi ərazi bölməsi istisna olmaqla, digərləri üzrə regionlararası dövlət tibb müəssisələri də müəyyənləşdirilib. Məqsəd tibb müəssisələrinin resurslarından və kadr potensialından səmərəli istifadəni təmin etmək, fəaliyyətlərini optimallaşdırmaq və əhalinin müxtəlif növ tibbi yardıma əlçatanlığını təmin etməkdir. Bakı, Sumqayıt və Gəncə şəhəri tibbi ərazi bölmələri üzrə müəyyənləşdirilməmənin səbəbi dövlət tibb müəssisələrinin sayının çox olmasıdır.

Müştərək maliyyələşmə məbləğinin ödənilməsi zamanı sığortaolunanın qeydiyyatda olduğu inzibati ərazi və müraciət etdiyi tibb müəssisəsinin yerləşdiyi tibbi ərazi bölməsi nəzərə alınır. Xatırladaq ki, tibbi xidmətin tarifinin sığorta hadisəsi zamanı sığortaolunan tərəfindən ödənilməli olan müəyyən hissəsi müştərək maliyyələşmə məbləğidir. Müştərək maliyyələşmə məbləği ixtisaslaşdırılmış ambulator tibbi yardım və stasionar tibbi yardım xidmətlərə görə müraciət zamanı Xidmətlər Zərfində müəyyən edildiyi şərtlərə riayət edilmədiyi hallarda bütün sığortaolunanlara şamil olunur. Müştərək maliyyələşmə məbləğinin ödənilməsi şərtləri Xidmətlər Zərfi ilə müəyyən edilir və tibb müəssisəsinə birbaşa ödənilir. Müştərək maliyyələşmə məbləğinin tətbiqinə 1 aprel 2020-ci ildən başlanılacaq.

Ambulator və stasionar şəraitdə göstərilən xidmətə tətbiq edilən müştərək maliyyələşmə məbləği aşağıdakı qaydada ödənilir:

İnzibati ərazi daxilində: Vətəndaş ailə həkiminin göndərişi olmadan yaşayış və ya olduğu yer üzrə qeydiyyatda olduğu inzibati ərazidə yerləşən tibb müəssisəsinə ambulator şəraitdə göstərilən tibbi xidmətə görə müraciət etdikdə hər bir sığorta hadisəsi üzrə 5 (beş) manat müştərək maliyyələşmə məbləği ödəməlidir. Məsələn, siz Şəki şəhərində qeydiyyatdasınız. Ailə həkiminə müraciət etmədən birbaşa Şəki şəhərində yerləşən tibb müəssisəsinə ixtisas həkiminə müraciət edirsiniz. Xidmətlər Zərfində müəyyən edildiyi şərtlərə riayət etmədiyinizə görə, tibb müəsissəsinə 5 (beş) manat müştərək maliyyələşmə məbləği ödəməli olacaqsınız.

Tibbi ərazi bölməsi daxilində: Vətəndaş ailə həkiminin göndərişi olmadan tibbi ərazi bölməsi daxilində digər inzibati ərazidə yerləşən tibb müəssisəsinə müraciət etdikdə hər bir sığorta hadisəsinə görə 5 (beş), stasionar şəraitdə göstərilən xidmətin alınması üçün müraciət etdikdə 100 (yüz) manatdan artıq olan hər bir sığorta hadisəsinə görə 30 (otuz) manat müştərək maliyyələşmə məbləği ödəməlidir. Məsələn, Qaxda qeydiyyatda olan vətəndaş ailə həkiminə müraciət etmədən Şəkidə yerləşən tibb müəssisəsinə (ixtisas həkiminə) gəldikdə hər sığorta hadisəsinə görə ambulator şəraitdə 5 (beş) manat müştərək maliyyələşmə məbləği ödəməlidir. Müayinənin nəticəsi olaraq ixtisas həkiminin göndərişi əsasında stasionar şəraitdə göstərilən tibbi xidmətlərə görə 100 (yüz) manatdan artıq olan hər bir sığorta hadisəsinə görə 30 (otuz) manat müştərək maliyyələşmə məbləği ödəməlidir.

Tibbi ərazi bölməsindən kənarda: Vətəndaş ailə həkiminin göndərişi olmadan qeydiyyatda olduğu tibbi ərazi bölməsindən kənarda, yəni icbari tibbi sığorta tətbiq olunan digər inzibati ərazidə yerləşən tibb müəssisəsinə ambulator şəraitdə göstərilən tibbi xidmətə müraciət etdikdə hər bir sığorta hadisəsinə görə 15 (on beş) manat, stasionar şəraitdə göstərilən xidmətin alınması üçün müraciət etdikdə 100 (yüz) manatdan artıq olan hər bir sığorta hadisəsinə görə 90 (doxsan) manat müştərək maliyyələşmə məbləği ödəməlidir. Məsələn, Şəkidə qeydiyyatda olan vətəndaş ailə həkiminə müraciət etmədən Şamaxıda yerləşən tibb müəssisəsinə (ixtisas həkiminə) gəldikdə hər sığorta hadisəsinə görə ambulator şəraitdə 15 (on beş) manat müştərək maliyyələşmə məbləği ödəməlidir. Müayinənin nəticəsi olaraq ixtisas həkiminin göndərişi əsasında stasionar şəraitdə göstərilən tibbi xidmətlərə görə 100 (yüz) manatdan artıq olan hər bir sığorta hadisəsinə görə 90 (doxsan) manat müştərək maliyyələşmə məbləği ödəməlidir.

Eyni zamanda, vətəndaş ambulator şəraitdə göstərilən bütün maqnit rezonans və kompyüter tomoqrafiyası xidmətlərinə görə hər sığorta hadisəsinə görə 20 (iyirmi) manat müştərək maliyyələşmə məbləği ödəməlidir. Sığortaolunana bütün tibbi xidmətlər həkimin (ixtisaslı həkim, ailə həkimi, sahə-terapevti, sahə-pediatrı) göndərişi əsasında həyata keçirilir. Həkim müayinəsindən keçmədən göstərilən bütün laborator və diaqnostik xidmətlər icbari tibbi sığorta təminatı çərçivəsində qarşılanmır və vətəndaşın vəsaiti hesabına ödənilir.

Share: