Rüstəmxanlı Qəhrəmanımızın ailəsi ilə görüşdü

61 saylı Neftçala seçki dairəsindən millət vəkilliyinə namizəd, xalq şairi Sabir Rüstəmxanlının seçicilərlə görüşləri davam edir.

Milletinsesi.az xəbər verir ki, deputatlığa namizəd ötən gün əvvəlcə Dördlər kəndinə gedərək, Sovet İttifaqı Qəhrəmanı Ağaşirin Cəfərovun evini ziyarət edib, ailə üzvləri, qohumları ilə görüşüb. Qonağı qarşılamalarından qürur hissi keçirdiyini bildirən A.Cəfərovun oğlu İbrahim Cəfərov kənd sakinlərinin artıq seçim etdiyini bildirib:

“Bu ocağı ziyarət etdiyiniz üçün Sizə minnətdarıq. Artıq bizim camaatın mövqeyi bəllidir. Sizin səmimiyyətinizə, bu rayonu layiqincə təmsil edəcəyinizə inanırıq. Hələ meydan hərəkatından sizi izləyirəm, oradakı çıxışlarınız yadımdadır. Xalqın bir ziyalısını, aydınını dəstəkləmək bizim borcumuzdur”.

Görüşdə bildirilib ki, Dördlər kənd sakinlərinin əksəriyyəti Ağaşirin Cəfərovun nəslindəndir:

“Bu ocağı ziyarət etməklə kənd camaatının tam dəstəyini aldığınıza əmin olun. Ən azı 80 faiz seçici sizə səs verəcək”.

Daha sonra xalq şairi Mirqurbanlı kəndində seçicilərlə görüşüb. Görüşdə millət vəkilliyinə namizədin vəkilləri çıxış ediblər. Onlar Sabir Rüstəmxanlının millət vəkili olduğu dönəmdə gördüyü işlərdən söz açıblar.

Görüşdə iştirak edən Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev Sabir Rüstəmxanlı barədə geniş nitq söyləyib, bütün neftçalalıları səsvermədə fəal iştirak etməyə çağırıb:

“Sabir Rüstəmxanlının Neftçalaya gəlməsi sizin ən böyük uduşunuzdur. Mən bir hərbçi, bir polkovnik kimi sizi əmin edirəm ki, onu seçməkdən heç vaxt peşman olmazsınız. Sabir bəy bir rayona sığan adam deyil. Mən illərdir onunla müxtəlif beynəlxalq tədbirlərdə iştirak etmişəm. Onun nəinki ölkədə, bütün dünyadakı azərbaycanlılar üçün necə fədakarlıq etməsinin şahidi olmuşam. Sabir bəy dünya boyda adamdır. Neftçala camaatını səsvermədə fəal olmağa və ona səs verməyə çağırıram”.

Daha sonra Sabir Rüstəmxanlı Neftçalanın problemlərindən, onun həlli yollarından danışıb. Bildirib ki, millət vəkilli seçiləcəyi halda bu problemlərin həlli üçün aidiyyəti qurumlar qarşısında məsələ qaldıracaq

 

Share: