Lənkəranda bitən qeyri-adi faydalı meyvə HALLABONQ – VİDEO

Lənkəranda hallabonq yığımı artıq sona çatır.

Oxu.Az xəbər verir ki, Azərbaycan bu sitrus meyvəsini dünyada istehsal edən beş ölkədən biridir.

Hallabonq portağal və naringinin hibrididir. Hallabonq bağları Lənkəranda ilk dəfə 2015-ci ildə salınıb. 15 hektarlıq sahədə sınaq əkini aparandan sonra nəticələr müsbət olub və kəndlilər hallabonq bağlarının ərazisini xeyli genişləndiriblər.

Bu sitrus ağacları ildə bir neçə dəfə bar verir. Keçən il sahələrdən 60-70 ton arası məhsul yığılıb. Hallabonqun yığımı bu ayın axırına kimi davam edəcək.

Qabığı xoş ətrə malik olduğu üçün hallabonqdan ətriyyatda da istifadə olunur. Yerli sitrus meyvələrindən də məhsuldarlığına görə çox seçilir.

Lənkərana yolunuz düşsə, Sütəmurdov, Siyavar, Separadi və Tükəvilə kəndlərində hallabonq bağlarına rast gələ bilərsiniz. Gələcəkdə başqa ərazilərdə də bu yeni sitrus bağlarının salınması nəzərdə tutulub.

Qeyd edək ki, dünyada ilk dəfə 70-ci ildllərdə təbii seleksiya yolu ilə Yaponiyada yetişdirilən Hallabonq istehsalına görə ölkəmiz Yaponiya, Cənubi Koreya, ABŞ və Braziliyadan sonra 5-ci yerdə qərarlaşıb.

Share: