Şuşa Şəhər İcra Hakimiyyətinin sabiq icra başçısı Nizami Bəhmənovun oğlu Ceyhun Bəhmənovun bıçaqladığı keçmiş həyat yoldaşının durumu ağırdır.
Bu barədə Axar.az-a 1 fevral tarixində Hüseyn Cavid parkında keçmiş əri tərəfindən qızının gözü qarşısında bıçaqlanan 1982-ci il təvəllüdlü Dilarə Faiq qızı Bəhmənovanın anası Elmira Zeynalova qızının durumu ilə bağlı danışarkən deyib.
E.Zeynalova bildirib ki, qızının vəziyyətində heç bir irəliləyiş yoxdur və durumu daha da ağırlaşır:
“İndi vəziyyəti daha da pisdir. Ağciyərinə qan yığılır. Həkimlər bildirib ki, belə davam etsə, ya bu gün, ya da sabah növbəti dəfə əməliyyat edəcəklər. Həkimlərin sözlərinə görə kəsik yerlərini pis tikiblər, ona görə də qanaxma dayanmır”.
Ana bildirib ki, D.Bəhmənovanın bədəninin sağ hissəsi hərəkətsizdir:
“Qızımı başının sol hissəsindən bıçaqla bir neçə dəfə vurub. Həkimlər bu gün müəyyən etdilər ki, qızım sağ tərəfini işlədə bilmir. Sağ tərəfdə nə əli hərəkət edir, nə də ayağı. Gözünü açır, ancaq danışa bilmir, yalnız ağrılardan müəyyən səslər çıxarır. Hələ nə olacaq bilmirik. Ancaq durumu günü gündən ağırlaşır”.
Xatırladaq ki, Şuşa Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Nizami Bəhmənovun oğlu 1981-ci il təvəllüdlü Ceyhun Bəhmənov keçmiş həyat yoldaşı 1982-ci il təvəllüdlü Dilarə Faiq qızı Bəhmənovanı bıçaqlayıb. İcra başçısının oğlu keçmiş həyat yoldaşına 16 bıçaq zərbəsi vurub.